"Cari ilin birinci rübü əlamətdar iqtisadi və sosial hadisələrlə yadda qalıb"

"Cari ilin birinci rübü əlamətdar iqtisadi və sosial hadisələrlə yadda qalıb"

"2014-cü ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri yeni maliyyə ilinin uğurlu başlanğıcından xəbər verir və Azərbaycanın davamlı inkişafının sürətləndiyini təsdiqləyir. Cari ilin ilk rübündə ölkəmizdə iqtisadiyyatın artımı davam edib və ümumi daxili məhsul (ÜDM) 2,5 faiz artıb. Bu, dünya ölkələrinin iqtisadi vəziyyəti ilə müqayisədə ən yaxşı göstərici hesab oluna bilər". Bu barədə SİA-ya açıqlamasında YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini, iqtisadçı-ekspert Aydın Hüseynov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas barədə fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, xüsusilə qeyd olunan müddətdə qeyri-neft sektorunda yüksək artım qeydə alınıb ki, bu da ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı siyasətin uğurlu nəticə verdiyini göstərir: "Cari ilin birinci rübündə iqtisadiyyatın və sosial sahənin bütün sahələrində inkişaf dinamikası müşahidə olunub. Ölkəmizin milli inkişafı və ixrac coğrafiyasının ildən-ilə artması strateji valyuta ehtiyatlarının həcminin yüksəlməsinə səbəb olub və hazırda valyuta ehtiyatlarının həcmi 53 milyard dolları ötüb. Bu, çox yüksək göstəricidir və ölkəmizin milli iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan hazırda regionda ən az xarici borca malik olan ölkədir, xarici dövlət borcu ümumi daxili məhsulun 8 faizini təşkil edir və bu da respublikamızın güclü iqtisadiyyatının olmasından xəbər verir".

Ekspert bildirib ki, həyata keçirilən islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərir: "Cari ilin birinci rübündə orta aylıq əməkhaqqı 7 % yüksəlib və ötən dövr ərzində iqtisadiyyatın bütün sahələrində çalışan insanların gəlirlərində əhəmiyyətli artım baş verib, əhalinin banklardakı əmanətlərinin həcmi 20 % çox artıb".

Aydın Hüseynov qeyd edib ki, cari ildə ölkəmizin milli enerji təhlükəsizliyinin möhkəmlənməsi istiqamətində də səylər artıb və TANAP və TAP layihələrinin icrasına başlanılıb: " "Sənaye İli" çərçivəsində yeni sənaye müəssisələrinin inşası davam etdirilib, sənaye texnoparkları layihəsi ilə bağlı işlər sürətləndirilib, xarici sərmayəçilərin bu sahəyə cəlb olunması istiqamətində razılaşmalar əldə olunub. Azərbaycan iqtisadiyyatının hazırkı uğurlu inkişafı qarşıdakı aylarda daha da sürətlənəcək və 2014-cü il əlamətdar iqtisadi və sosial hadisələrlə yadda qalacaq. Davam etdirilən islahatlar və əldə olunan nəticələr onu deməyə əsas verir ki, Azərbaycan regionda 2014-cü ili ən sürətli inkişafla başa vuran ölkələrdən biri olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə