Oqtay Əsədov: "Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlə davam edir"

Oqtay Əsədov: "Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlə davam edir"

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iclasda çıxış edən spiker Oqtay Əsədov hökumətin hesabatı barədə millət vəkillərinə məlumat verərək bildirib ki, iqtisadiyyatımız keçən ildə də xarici təsirlərə qarşı rəqabət qabiliyyətini qoruyub saxlaya bilib: "Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlə davam edir. Ölkə iqtisadiyyatında il ərzində əldə edilən ən uğurlu nəticə ÜDM istehsalında 5,8 faiz artımın əldə olunmasıdır. Dünya üzrə isə bu göstərici 2,1 faizdir. Eyni zamanda Azərbaycanda 2013-cü ildə inflasiya birrəqəmli səviyyədə saxlanılıb. Digər ən önəmli fakt isə istehlakımızın qeyri-neft sektorunda əldə edilən artımın 10 faizə çatmasıdır. Bunun nəticəsində həmin sektorun xüsusi çəkisi əvvəlki illə müqayisədə 3,1 faiz artaraq 56,6 faiz olub".

Spiker onu da qeyd edib ki, Dövlət Neft Fondunun vəsaitləri 1,8 milyard dollara yaxın artaraq 36 milyard dollara çatıb: "Ölkədə həyata keçirilən pul-kredit siyasəti sayəsində Mərkəzi Bankın valyuta ehtiyatları il ərzində 21 faiz artaraq 14,1 milyard həcmə çatıb. İl ərzində manatın məzənnəsi öz sabitliyini qoruyub saxlaya bilib. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Strateji valyuta ehtiyatlarının ÜDM-yə nisbətinə görə Azərbaycan dünyanın 20 ölkəsindən biridir. Həmçinin, ölkə üzrə 22 milyard manat, yəni 28 milyard dollar sərmayə qoyulub. Bunun da 62 faizdən çoxu daxili mənbələr hesabına başa gəlib. Bununla yanaşı, işçilərin orta əmək haqqı 423 manata çatdırılıb. Yoxsulluq səviyyəsi ilin yekununa qədər 5,3 faiz təşkil edib".

Hazırda parlamentin iclasında Baş nazir Artur Rasizadənin məruzəsi dinlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə