Bu gün “Azəryolservis” ASC-nin işçilərinin peşə bayramıdır

Bu gün “Azəryolservis” ASC-nin işçilərinin peşə bayramıdır

Bu gün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin yaradılmasından 7 il ötür. SİA-nın xəbərinə görə, bu münasibətlə qurumun rəhbəri Cavid Qurbanov başda olmaqla ASC-nin işçiləri ilk olaraq Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoyublar.

Qeyd edək ki, 5 avqust 1998-ci ildə Nəqliyyat Nazirliyi təsis edildikdən sonra 23 iyun 2003-cü ildə nazirliyin tabeliyində "Yolnəqliyyatservis" Departamenti yaradıldı. Ölkənin nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan prezidentinin 22 fevral 2007-ci il tarixli sərəncamına görə, Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatı-hüquqi forması dəyişdirilərək Nəqliyyat Nazirliyinin tabeliyində "Azəryolservis" ASC yaradıldı. Bununla da Azərbaycanın yol təsərrüfatında yeni mərhələ başlandı. Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artıb. Son illərin göstəricilərinə nəzər saldıqda statistik rəqəmlər də son 10 ildə müsbət dəyişikliklər baş verdiyini bir daha təsdiqləyir.

Belə ki, ölkənin ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 2003-cü ildə 18754 km təşkil edirdisə, 2008-ci ildə bu göstərici 18902, 2013-cü ildə isə 19000 km-ə çatdırılıb ki, bunun da 17529 km-i Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin balansındadır. Son 10 il ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb, ümumi gücü saatda 2240 tondan çox olan 33 ədəd asfalt beton zavod istifadəyə verilib. 2003-2013-cü illər ərzində respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 8332 km olub. Bu dövrdə ümumi istifadədə olan avtomobil yollarında 222 yeni körpü və yol ötürücüsü tikilib.

Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dünya əhəmiyyətli İpək Yolu layihəsinin Azərbaycan ərazisi boyu Bakıdan Gürcüstan ilə sərhədədək 513 kilometrlik hissəsində həyata keçirilən işlər Nəqliyyat Nazirliyi tərəfindən uğurla davam etdirilib. Ölkə başçısı İlham Əliyevin rəhbərliyə başladığı vaxtdan etibarən sözügedən magistralın texniki vəziyyətinin öyrənilməsi və yenidən qurulması üçün tələb olunan maliyyə mənbələri həll olunub, eyni zamanda 2-ci texniki dərəcəli, 2 hərəkət zolaqlı hissələrinin 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğunlaşdırılması işlərinin çox hissəsi yerinə yetirilib. Bakıdan Gürcüstan ilə sərhədədək tikintinin intensiv aparıldığı magistralın artıq 312,5 km-lik 2-ci texniki dərəcəli, 209 km-lik 1-ci texniki dərəcəli hissələri yenidən qurularaq istifadəyə verilib. Hazırda Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olmaqla ölkənin Şimal hissəsində yerləşir. Hərəkətin intensiv olduğu bu magistral Bakını Rusiya dövlət sərhədi ilə birləşdirir. Ümumi uzunluğu 208 km olan magistralın 6-16 km hissəsi asfalt-beton, 16-134 km hissəsi sement-beton örtüklü olmaqla yenidən qurulub, eyni zamanda Sumqayıt dairəvi, Gəndob-Quba hissələrinin, 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində uzunluğu 540 paqon metr olan körpünün tikintisi işləri başa çatdırılıb. Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin (59,6 km) 4 zolaqlı hərəkət üçün asfalt-beton örtüklü olmaqla yeni trassa üzrə tikintisi işləri hazırda həyata keçirilir.

Digər strateji əhəmiyyətli arterial nəqliyyat dəhlizi olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yolunun 41,6 km-lik sahəsi, nəqliyyat sisteminin daha effektli işləməsinə imkan verən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlıyadək, Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Bulaqlı hissələri ölkə başçısının iştirakı ilə istifadəyə verilib.

Bundan əlavə, Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yollarını əlaqələndirən və tranzit daşımaları üçün müstəsna əhəmiyyət kəsb edən H. Z. Tağıyev-Sahil avtomobil yolunun 2 zolaqlı olmaqla yenidən qurulması üzrə işlərin 80 faizi yerinə yetirilib. Uzunluğu 41,4 km olan yol respublikanın cənub və qərb istiqamətindən gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrinə çıxışını təmin etməklə hər iki istiqamətdə məsafəni 100 km-ə qədər qısaldacaq.

Ölkə Prezidenti son illər dəfələrlə bölgələrə səfər edib, respublika və yerli əhəmiyyətli yolların yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi üçün konkret tapşırıqlar verib. Yerinə yetirilən konkret tədbirlərin fonunda Biləsuvar-İran sərhədi, Lənkaran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Agstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Xocalı-Laçın yolunun Yevlaxdan Bərdəyədək olan hissəsinin və digər avtomobil yollarının yenidən qurulması dövlət proqramlarının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.

2006-cı ilin dekabrın 22-də Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsində, onun ardınca Ziya Bünyadov-Atatürk prospektlərinin kəsişməsində inşa olunan yol ötürücüləri ölkə başçısının iştirakı ilə istifadəyə verildi. Açılış mərasimində iştirak edən ölkə başçısı yol ötürücülərinin müasir standartlara cavab verdiyini vurğuladı.

Ötən müddət ərzində paytaxt Bakı şəhərində 60-dan artıq yol ötürücüsü, tunelin istismara verilməsi nəqliyyat sistemində gərginliyi xeyli yüngülləşdirməklə yanaşı, paytaxtın simasına da möhtəşəmlik gətirib. Milli memarlıq ənənələr və müasir texnologiyalar əsasında inşa olunan cəlbedci görkəmə malik bu qurğular ölkə prezidenti İlham Əliyevin nəqliyyat sahəsindəki məqsədyönlü siyasətinin real nəticəsidir.

Nəzərə alsaq ki, avtomobil yollarında piyadaların hərəkəti yol qəzalarının yaranması ilə yanaşı, nəqliyyat tıxaclarını yaradan amillərdəndir, son illərə qədər Bakı şəhəri və Abşeron yarımadasında bu istiqamətdə vəziyyət, sözün həqiqi mənasında ağır idi. Paytaxtın müxtəlif yerlərində piyadaların təhlükəsiz hərəkətini təmin edən keçidlərinin olmaması, mövcud 10-a yaxın keçidin bərbad vəziyyətdə olması ciddi narahatlıq doğururdu. Bu baxımdan dövlət başçısının Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamlarının icrası məqsədilə əsasən piyadaların və nəqliyyatın sıx olduğu ərazilərdə yeraltı və yerüstü piyada keçidlərinin tikintisinə başlanıldı. Sərəncamın icrası istiqamətdə atılan ilk addım 2006-cı ilin dekabr ayının 22-də Səməd Vurğun küçəsi ilə Nizami küçəsinin kəsişməsində, eyni zamanda, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində inşa olunan piyada keçidlərinin açılışı olub.

Son bir neçə il ərzində paytaxt Bakı şəhərində mövcud 10 piyada keçidi əsaslı təmir olunub, 60-a yaxın yeni yeraltı və yerüstü piyada keçidi inşa edilərək şəhər sakinlərinin istifadəsinə verilib. Xüsusi zövqlə və dizaynla inşa edilən keçidlər piyadaların rahatlığına şərait yaratmaqla yanaşı, ən müasir avadanlıqlarla təchizatı, arxitektura tərtibatı baxımından diqqəti cəlb edir.

Hazırda Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən Bakı şəhərində xidmət göstərilən yollar, prospekt və küçələrin ümumi uzunluğu 1525 km-dir. 2008-2013-cü illər ərzində Bakı şəhərində yeni tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu 703,3 km olub. Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binqədi, Zıg dairəsi-Hava Limanı, Böyükşor dairəsi-Hava Limanı, Azadlıq meydanı-Zığ dairəsi, Bakı dairəvi-1, Baki-Ələt yolunun 2-6 km, şəhər şossesinin Sabunçu qovşağından Zabrat dairəsinədək olan hissələri, Zabrat-Maştaga-Buzovna, Zığ dairəsi-Heydər Əliyev Hava Limanı avtomobil yolundan Qala qəsəbəsinə gedən və digər yollar, prospekt və küçələrdə aparılan tikinti və yenidənqurma işləri kəskin nəqliyyat tıxaclarını aradan qaldıraraq avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinə şərait yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə