2020-ci ilə kimi ölkəmiz elektron məhsullar ixrac edən dövlətə çevriləcək
Bu gün İnformasiya-kommunikasiya texnologiyaları ilinin yekunlarına və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının bir illiyinə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə əvvəlcə Prezident İlham Əliyevin 2014-cü il 6 fevral tarixli Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə "Əməkdar mühəndis" fəxri adının verilməsi, həmçinin informasiya-kommunikasiya və kosmik sənaye sahələrində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncamları oxunub.
Sonra ötən il İKT sahəsində görülən işləri və əldə olunan uğurları əks etdirən video-çarx göstərilib.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 2013-cü ildə İKT sahəsində əldə olunan uğurları diqqətə çatdırıb.
Nazirliyin İKT sahəsində gələcəyə hesablanmış siyasətini açıqlayan Ə. Abbasov deyib ki, bazarda liberallaşmanın genişləndirilməsi, rəqabət mühitinin sağlamlaşdırılması, tənzimləmənin sərbəstləşdirilməsi istiqamətində tədbirlər görüləcək, bu sferada özəlləşmə siyasəti davam etdiriləcəkdir. Qarşıya qoyulan hədəflərə çatmaq üçün bilikli kadr potensialı lazımdır. Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin bu sahədə apardığı işlər böyük ümidlər yaradır.
Nazir onu da qeyd edib ki, 2017-ci ildə Azərbaycan Respublikasına məxsus yüksək ayırdetməli optik peykin orbitə çıxarılması istiqamətində istehsalçı şirkətlərlə də danışıqlar aparılır. Bundan başqa, 2016-cı ildə yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması istiqamətində istehsalçı şirkətlərlə müzakirələr gedir.
O həmçinin qeyd edib ki, hazırda Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 417 xidmətin yarısı elektron formada əhaliyə təqdim olunur və 2020-ci ilə qədər bu, 100%-ə çatdırılacaq: "Bundan başqa, 2020-ci ilə qədər Azərbaycanın elektron məhsullar ixrac edən ölkəyə çevrilməsi planlaşdırır. Azərbaycanda Data mərkəzlərinin yaradılması və qonşu ölkələrə İKT xidmətlərinin göstərilməsi nəzərdə tutulur".
Ə. Abbasov həmçinin Azərbaycanda internetin olduqca əlçatan və sərbəst olduğunu vurğulayıb. O qeyd edib ki, ölkədə olan internet sərbəstliyi heç bir region ölkəsində yoxdur.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə isə çıxışında qeyd edib ki, Prezident İlham Əliyevinin "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi və "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" sərəncamları ilə ölkəmizdə kosmik sənayenin inkişafına rəvac verilib: "Bu gün peykimiz müasir tələblərə cavab verən, zəruri avadanlıqlarla təchiz edilmiş Əsas və Yerüstü Peyk İdarəetmə mərkəzindən yerli mütəxəssislər tərəfindən birbaşa idarə olunur. Sahənin inkişafına verilən önəm sayəsində artıq Azərbaycan dünya kosmik ailəsinin fəal üzvlərindən birinə çevrilib və kosmik sənayenin inkişafı istiqamətində uğurlu işlərə imza atıb. Ötən bir il ərzində ilk peykimiz kosmik fəzada öz mövqeyini möhkəmləndirib".
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib ki, əslində, müasir müəllimin İKT biliklərinin olması onun fənn biliklərinin olmasından heç də az əhəmiyyət kəsb etmir: "Buna görə də müəllimlərin hazırlığı prosesində bu yeniliyin tətbiqinə nail olmaq niyyətindəyik. Əsas hədəflərdən biri ümumtəhsil sahəsində pedaqoji heyətin İKT üzrə hazırlığının artırılmasıdır. Ötən müddətdə ölkə üzrə pedaqoji kadrların 64 faizi İKT üzrə təlim keçib".
Nazirin sözlərinə görə, təhsil sistemində çalışan bütün müəllimlərin İKT savadlılığının artırılması üzrə təlimlərə cəlb olunması, pedaqoji kadr ali məktəblərdə məzun olacaq gənc müəllimlərin İKT bacarıqlarının artrılması hər zaman diqqət mərkəzində olacaq: "Ötən 10 ildə təhsilin informasiyalaşdırılması sahəsində müəyyən nailiyyətlər əldə edilib. 2004-cü ildə hər 1063 şagirdə 1 kompüter düşdüyü halda, hazırda hər 18 şagirdə 1 kompüter düşür. Məktəblərin 37 faizi internet şəbəkəsi ilə təmin edilib. Bir sıra məktəblərdə "Elektron məktəb" layihəsinin icrasına başlanılıb. 2013-cü ildə Azərbaycan təhsil şəbəkəsinə əlavə olaraq 70 təhsil müəssisəsi qoşulub. 2014-cü ilədək şəbəkəyə qoşulmuş 1695 təhsil müəssisəsi internet və internetə çıxışla təmin edilib.
Tədbirin yekunu olaraq İKT ili ərzində səmərəli fəaliyyətinə görə bir qrup Nazirliyin işçisi Fəxri Fərmanla təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB