Azərbaycan ilə Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Yanvarın 28-də Bakıda Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Fransanın ərzaq sənayesi naziri Giyom Qaro ilə görüşüb. Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə olunub.
Nazir Heydər Əsədov Fransanın Avropanın keyfiyyətli ərzaq istehsal edən qabaqcıl ölkələrindən biri olduğunu və Azərbaycanın Fransa ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb. Heydər Əsədov xüsusilə torpaq alqı-satqı sahəsində və kooperativlərin yaradılmasında Fransanın qabaqcıl təcrübəsinin öyrənilməsini, bu ölkənin Azərbaycanda öz tədqiqatlarının və ticarət əlaqələrinin genişləndirilməsini vacib saydığını bildirib. Həmçinin iş adamları üçün Azərbaycanda əlverişli investisiya mühitinin olduğu diqqətə çatdırılıb.
Nazir Heydər Əsədov iki ölkə arasında əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə "Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Fransanın Kənd Təsərrüfatı, Ərzaq Sənayesi və Meşə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanmasını və Fransanın "Aqrimer" texniki yardım agentliyi tərəfindən ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına texniki yardımın göstərilməsi imkanlarının araşdırılmasını təklif edib.
Giyom Qaro 2014-cü ildə Fransa ilə Azərbaycan münasibətlərində daha çox nailiyyətlər əldə olunacağına əminliyini bildirib. O, qida sənayesində təcrübə mübadiləsinin aparılması, heyvandarlıq sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi, treninqlərin keçirilməsi və digər məsələlərə dair təkliflər irəli sürmüş və bunun dövlətlərarası və şirkətlərarası səviyyələrdə həyata keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb. Giyom Qaro nazir Heydər Əsədovu Fransaya səfərə dəvət edib.
Görüşdə Fransanın ölkəmizdəki səfiri Paskal Mönye iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB