“Azərbaycan qazının layihəsi üzrə son investisiya qərarı qəbul edilib”
Yanvarın 5-də ABŞ-ın ispandilli "Eurasia Hoy" informasiya portalında "Azərbaycan qazının layihəsi üzrə son investisiya qərarı qəbul edilmişdir" sərlövhəli məqalə dərc olunub.
Məqalədə qeyd edilir ki, dekabrın 17-də Bakıda bir neçə Avropa ölkəsinin rəhbərlərinin iştirakı ilə Azərbaycanın "Şahdəniz-2" yatağının işlənməsi və Azərbaycan qazının Avropaya nəql edilməsi layihəsi üzrə yekun investisiya qərarının imzalanmasına həsr edilmiş təntənəli mərasim keçirilib.
Məqalənin müəllifləri göstərirlər ki, 1999-cu ildə kəşf edilmiş "Şahdəniz" yatağının təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 1,2 trilyon kubmetrə bərabərdir. "Eurasia Hoy" informasiya portalında qeyd edildiyi kimi, son iki onillikdə kəşf edilmiş ən iri yataqlardan biri olan bu yataq Azərbaycanın regionun nüfuzlu mərkəzinə çevrilməsinə kömək edib. "Şahdəniz" yatağından çıxarılan qazın nəqlinə hələ 2000-ci ildə Cənubi Qafqaz qaz boru kəməri (bu kəmər daha çox Bakı-Tbilisi-Ərzurum boru kəməri adı ilə tanınır) vasitəsilə başlanıb. Layihənin ikinci mərhələsində isə həmin qaz avropalı istehlakçılara birbaşa Cənubi Avropa marşrutu vasitəsilə çatdırılacaq.
Məqalədə bildirilir ki, layihənin Avropa üçün maliyyə baxımından məqsədəuyğunluğu mövzusunda müzakirələr çox uzun müddət davam edib və bu səbəbdən, Azərbaycan rəhbərliyi layihənin reallaşdırılmasını sürətləndirməyə qərar verib. Transanadolu layihəsi barədə təşəbbüs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən Azərbaycanın yaxın müttəfiqi Türkiyənin vasitəsilə irəli sürülüb. Anadolu yarımadasından keçən Transanadolu qaz kəməri mövcud Bakı-Tbilisi-Ərzurum qaz kəmərini Yunanıstan, Albaniya və İtaliya ərazilərindən keçəcək Transadriatik qaz kəməri ilə birləşdirəcək.
Müəlliflər vurğulayırlar ki, Prezident İlham Əliyev imzalama mərasimində çıxış edərək bildirib ki, bu layihə "bizim regionun energetik xəritəsini dəyişdirəcək və ölkəmizin tarixi inkişafına şərait yaradacaq". Bakıda imzalanmış sazişə əsasən, "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə Transanadolu və Transadriatik qaz kəmərlərinə 35 milyard dollara qədər sərmayə qoyulması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB