İstanbulda keçirilən III Xəzər Forumu çərçivəsində panellər başlayıb

İstanbulda keçirilən III Xəzər Forumu çərçivəsində "Xəzər tranzit dəhlizi: İpək Yolunun yenidən bərpası" mövzusunda panel təşkil olunub. SİA-nın xəbərinə görə, paneldə çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu layihəsinin tarixi İpək Yolunun yenidən bərpasında əhəmiyyətini vurğulayıb.

Z.Məmmədov deyib ki, oktyabrın 29-da açılan Marmaray xətti kimi BTQ də Xəzərin qərbi ilə şərqini birləşdirən tarixi layihədir və İpək yolunun bərpasında mühüm rol oynayacaq. Xəttin tikinti işlərinin uğurla davam etdirildiyini xatırladan nazir 2014-cü ilin axırında ilk sınaq qatarının xəttə çıxarılacağını deyib. O, digər mühüm layihə kimi yeni inşa olunan Bakı beynəlxalq dəniz və ticarət limanının tikintisini qeyd edib. Tikintinin davam etdiyini bildirən Z.Məmmədov ilk vaxtlar limanın gücünün 10 mln. ton yük daşıması olacağını, daha sonra isə bu rəqəmin 25 mln. tona çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib.

Paneldə çıxış edən Azərbaycan Dövlət Xəzər Gəmiçilik Şirkətinin sədri Rauf Vəliyev şirkətin fəaliyyəti və gələcək planları barədə danışıb. O, şirkətin strukturunun gücləndirilməsi və dünya miqyasında daha etibarlı tərəfdaş halına gəlməsi istiqamətində mühüm addımlar atıldığını deyib: "Hazırda Gəmiçiliyin qarşısında duran başlıca vəzifələrdən biri də Azərbaycan üzərindən daşımaların artırılması, İpək Yolu, BTQ dəmiryolu xətti və bu kimi digər mühüm regional layihələr çərçivəsində rəqabətə davamlı və keyfiyyətli xidmətlərin təqdim edilməsidir. Bu məqsədlərə nail olmaq üçün Gəmiçilik tərəfindən korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi, yeni və müasir texnoloji tələblərə cavab verən gəmilərin tikintisi və istismara buraxılması, beynəlxalq standartlara uyğun sertifikatlaşmanın həyata keçirilməsi və bu kimi digər əsaslı tədbirlərin görülməsi nəzərdə tutulub".

Panelin gedişində bölgədəki münaqişələrin həyata keçirilməkdə olan layihələrə təsir barədə suala cavab verən Ziya Məmmədov Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu, 1 milyon insanın qaçqın vəziyyətinə düşdüyünü, bu vəziyyətin isə bölgədə həyata keçirilməkdə olan layihələrin təhlükəsizliyinə mənfi təsir etdiyini vurğulayıb.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı isə Azərbaycan torpaqlarını işğal altında saxlamaqla Ermənistan öz-özünü regional layihələrdən uzaqlaşdırdığını vurğulayıb.

Dövlət Xəzər Dəniz Gəmiçiliyi Şirkətinin sədri Rauf Vəliyev də sabitliyin olmadığı yerdə investisiyaların uğurla həyata keçirilməsinin mümkün olmadığını bildirib: "Son vaxtlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Türkiyə arasındakı müzakirələr bölgədəki riskləri minimuma endirərək münbit yatırım şəraiti yaradır".

Paneldə Z.Məmmədov və R.Vəliyevlə yanaşı, Sloveniyanın infrastruktur və xüsusi planlaşdırma naziri Samo Omerzel, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Mikeladze, Rumıniyanın Nəqliyyat Nazirliyi üzrə dövlət katibi Marian Buika və Qazaxıstanın "NC" "KTZ" şirkətinin prezidenti Əsgər Mamin də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...