Azərbaycanda əlillərə olan dövlət qayğısı hər gün artır SOSİAL BAXIŞ

Bu gün dünyada Beynəlxalq əllillər günü qeyd olunur. Rusiya Federasiyasının təşəbbüsü ilə 1992-ci ildə BMT-nin baş məclisində bu gün qəbul edilib. Hər il bu tarixdə BMT-yə üzv ölkələrdə əlillərin cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönələn tədbirlər görülür. Hazırda dünyada 150 milyondan çox xüsusi qayğıya ehtiyacı olan əlil uşaq var. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya üzrə əlilliyi olan şəxslərin əhali tərkibində faiz göstəricisi 10 faizdir.

Azərbaycanda isə bu rəqəm 4,4 faiz təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdən sayılır. Bunların müəyən hissəsi əmək pensiyası, digər qismi isə sosial müavinətlər alır. Azərbaycanda 2013-cü ilin əvvəlinə olan rəsmi statistikaya görə, ölkədə 520 793 nəfər əlilliyi olan şəxs var. Bu da ümumi əhalinin 5,5 % -ni təşkil edir. Bu əlillərdən 36 492 nəfəri I qrup, 324 272 nəfəri II qrup, qalanları isə III qrup əlillərdir. Eyni zamanda, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 59 207 nəfər təşkil edir.

Ümumiyyətlə, hər zaman dövlətin diqqət mərkəzində olan təbəqələrdən biri də məhz əlillərdir. Bunu nəzərə alan dövlətimiz bu sahədə böyük işlər görür. Dövlət təmənnasız olaraq bu xidməti öz üzərinə götürərək, əlillərə mənzillər və avtomobillər verir. Belə ki, əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunması həyata keçirilib. Dövlətin əlil vətəndaşlara qayğısı çərçivəsində yeni reabilitasiya mərkəzləri tikilib.

Ötən illərdə əlil vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və onların maddi təminatının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub.

Qeyd edək ki, Qarabağ müharibəsində sağlamlığını itirən insanlar problemlərinin həlli də diqqət mərkəzində saxlanılır. Bu kateqoriyadan olan vətəndaşların mənzillə təmin olunması məqsədilə son bir neçə ildə paytaxt Bakıda və regionlarda yeni çoxmənzilli yaşayış binaları, o cümlədən fərdi evlər tikilib. 2009-cu ildə müharibə veteranlarına və əlillərinə 500, 2010-cu ildə 350, 2011-ci ildə isə 304 avtomobil paylanıb. 2012-ci ildə Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə 325 minik avtomobili təqdim olunub.

Bir sözlə, Azərbaycanda əlillərə olan dövlət qayğısı hər gün artır. Hökumət tərəfindən qəbul edilən qərarlar da bundan sonrakı dövr ərzində əlillərin sosial problemlərinin həlli istiqamətində yeni imkanlar açacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə