Gənc alimlərin mənzil-məişət problemlərinin həlli üçün layihələr həyata keçirilir

Gənc alimlərin mənzil-məişət problemlərinin həlli üçün layihələr həyata keçirilir

"Gənc alimlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həllinə kömək göstərilməsi istiqamətində son illərdə təqdirəlayiq işlər və layihələr həyata keçirilir". Bu barədə SİA- ya açıqlamasında Azərbaycan gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib.

Onun sözlərinə görə, bu problemlərin aradan qaldırılması məqsədilə istər gənclərlə, istərsə də Azərbaycan elminin inkişafı ilə bağlı hazırlanan dövlət proqramlarına və digər hüquqi-normativ sənədlərə daxil edilməsi üçün cəmiyyətimiz tərəfindən təşəbbüslər irəli sürülüb: "Bu təklif və təşəbbüslərimiz hər zaman dəstəklənib və sənədlərdə, proqramlarda öz əksini tapıb. Gənc alimlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ölkə başçısı İlham Əliyev tərəfindən gənc alimlər bir təbəqə olaraq güzəştli ipoteka kreditlərindən istifadə edən şəxslərin siyahısına daxil edilib. Əlbətdə ki, bu Prezidentimiz tərəfindən gəncliyə göstərilən qayğının nümunəsi idi. Digər tərəfdən, "Azərbaycan Respublikasında Elmin İnkişafı ilə bağlı Milli Strategiya"da da bu kimi məsələlərə ciddi önəm verilib və strategiyanın həyata keçirilməsi ilə bağlı qəbul edilən Dövlət Proqramında xüsusi olaraq ayrıca bənddə "Gənc alimlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması" istiqamətində müvafiq qurumlara vəzifə olaraq tapşırılıb.

Eyni zamanda, "Azərbaycan Gəncliyi (2011-2015-ci illər) Dövlət Proqramı"nda da bu məsələyə xüsusi yer verilib. Artıq proqram icra olunur və əminəm ki, icrası başa çatdıqdan sonra müsbət istiqamətdə ciddi dəyişikliklərin şahidi olacağıq. Bütün bunlar gənc alimlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının daim diqqətdə saxlandığının və bu istiqamətdə konkret addımların atılmasının dövlətimizin və dövlət başçımızın diqqət mərkəzində olduğunu, mərhələ-mərhələ həll olunduğunun göstəricisidir".

Bütün xəbərlər Facebook səhifəmizdə