Bu gün Milli Məclisin plenar iclasında büdcə məsələsinə daxil olan 6 qanun layihəsi qəbul edilib. SİA-nın məlumatına görə, iclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət büdcəsi layihəsi parlamentin komitələrinin iclaslarında geniş müzakirə olunub.
Onun sözlərinə görə, gələn ilin büdcəsi balanslaşdırılmış büdcədir və ölkənin inkişafına xidmət edəcək: "Millət vəkilləri tərəfindən təkliflər irəli sürülüb ki, yüksək vergi potensialına malik olacaq qeyri neft sahələrinin inkişaf etdirilməsi, vergi borclarının azaldılması, vergidən yayınma hallarının qarşısının alınması, əhalinin maddi rifah halının artırılması, ölkənin müdafiə potensialının daha gücləndirilməsi, elm, təhsil, mədəniyyət və digər sahələr üçün əlavə vəsaitlərin ayrılması və bir çox təkliflər səsləndirilib".
"Müzakirələr zamanı, həmçinin dövlət büdcəsi layihəsinə aidiyyatı olmayan, lakin ölkənin sosial iqtisadi inkiaşfı üçün mühüm əhəmiyyət kəsb edən digər məsələlərlə bağlı fikirlər səsləndirilib. Gələn ilin dövlət büdcəsi layihəsinin 10 gün müddətinə təkliflərin baxılması üçün hökumətə göndərilməsi zamanı bütün təkliflər nəzərdən keçirilib. Milli məclisin maddi texniki təminatı məsələsinə hökumətdə baxılıb. Hesab edirik ki, layihə ilə əlaqədar əlavə vəsaitin ayrılması mümkündür. Bu artım dövlət büdcəsinin xərclərinin artırılması hesabına deyil, dövlət büdcəsi xərclərindən müəyyən struktur dəyişikliklərinin edilməsi yolu ilə, yəni ümumi dövlət xidmətləri maddəsinə 752 min manatın verilməsi yolu ilə öz həllini tapıb" – deyə, maliyyə naziri çıxışına əlavə edib.
Siyasi partiyalara ayrılan vəsaitin artırılması məsələsinə də toxunan maliyyə naziri Samir Şərifov qeyd edib: "Müzakirələr zamanı fikirlər səsləndirilmişdi ki, qanunda nəzərdə tutulan bölgüyə uyğun olaraq büdcədən ayrılan vəsaitin 10 %-i hər il qalır, yəni işlənmir. Buna görə də qanuna müvafiq dəyişikliklər edilməklə ilin sonuna kimi 10 % qənaət edilmiş bölüşdürülməyən vəsait gələn ilin büdcəsinə daxil edilə bilər. Bunun nəticəsində də hər il bu qənaətdən əlavə gəlir kimi istifadə edə bilərlər. Lakin şübhəsiz ki, siyasi partiyalarla bağlı qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir".
Məlumat üçün bildirək ki, millət vəkilləri "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2014-cü il üçün xərclər smetalarını, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında" qanunu qəbul ediblər.
Qeyd edək ki, maliyyə nazirin çıxışından sonra gələn ilin dövlət büdcəsi 2 əleyhinə, 102 lehinə səs çoxluğu ilə qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB