Aydın Hüseynov: “Fərmana dəyişikliklərin edilməsi operativliyin təmin olunmasına şərait yaradacaq” AÇIQLAMA

Aydın Hüseynov: “Fərmana dəyişikliklərin edilməsi operativliyin təmin olunmasına şərait yaradacaq” AÇIQLAMA

"Ümumilikdə götürdükdə son dövrlər Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə çox böyük layihələt həyata keçirilib". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanında dəyişikliklərin edilməsi məsələsinə münasibət bildirərkən deyib.

İqtisadçı Aydın Hüseynovun sözlərinə görə, ölkədə aparılan iqtisadi siyasətin başlıca hədəfi iqtisadiyyatın şaxələndirilmiş şəkildə inkişafıdır: "İqtisadiyyatın getdikcə şaxələndirilmiş şəkildə inkişafı isə özəl sektorun ümumi daxili məhsuldakı (ÜDM) payının artmasına səbəb olur. Gəlin görək ilk növbədə bu dəyişiklər nəyə gətirib çıxaracaq? Bildiyiniz kimi iş prosesində müəyyən dərəcədə sənədləşmə prosesi ortaya çıxır. Əgər sahibkar konkret olaraq öz biznes planını ortaya qoyubsa və hər hansı bir işlə məşğul olunması üçün biznes sahəsi mövcuddursa, təbii ki, bu biznes planının da həyata keçməsi üçün vəsait tələb olunur. Bu mənada hesab edirəm ki, dövlət başçısı tərəfindən 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanına dəyişikliklərin edilməsi çevikliyin, operativliyin təmin olunmasına şərait yaradacaq. Belə ki əlavə sənədlərin yığılması, vaxt aparacaq prosedurların aradan qaldırılması üçün düşünürəm ki, bu Fərman vaxtında və məramında verilib. Ümumilikdə götürdükdə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə çox böyük işlər və layihələr həyata keçirilib. Bu getdikcə daha da təkmilləşir və səmərə, bəhrəsini verməkdədir".

Qeyd edək ki, "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanında dəyişikliklər edilib.

Həmin dəyişikliklər isə aşağıdakılardır:

- Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"nin 2.1-ci bəndinə "inkişafına" sözündən əvvəl "(informasiya-kommunikasiya texnologiyaları sahəsində sahibkarlıq istisna olmaqla)" sözləri əlavə edilsin.

- Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"nın 2.1-ci bəndinə "sahələrdə" sözündən sonra "(informasiya-kommunikasiya texnologiyaları sahəsi istisna olmaqla)" sözləri əlavə edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə