Tibb müəssisələrində nöqsanlar tapılıb

Tibb müəssisələrində nöqsanlar tapılıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti 219 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğunu aşkar edib. SİA-nın məlumatına görə, bunu bu gün Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2013-cü ilin 5 ayı ərzində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin müvafiq şöbələri və ərazi idarələri tərəfindən sahibkarlıq subyektlərində dövlət nəzarətinin aparılması üçün 619 sərəncam verilib: "Aparılmış yoxlamaların 280-ni ərzaq məhsullarının istehsalına, 191-i qeyri-ərzaq məhsullarının istehsalına, 148-i metroloji nəzarətə aid olub. 58 tibb müəssisəsində göstərilən xidmət səviyyəsinə nəzarət olunub. Bundan başqa 61 çörək istehsalı müəssisəsinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər görülüb. Yoxlamalar nəticəsində 393 istehsal sahəsində normativ sənədlərin tələblərinə cavab verməyən və antisanitariya şəraitində məhsul istehsal olunduğuna görə müəssisələrə 393 iradnamə və istehsalın qadağan olunması barədə 212 partiya tələbnaməsi, 87 sahibkarlıq subyektində məhsulların istehsalının və satışının qadağan olunması barədə tələbnamə verilib."

Xidmət rəisi ümumilikdə 134 sahibkarlıq subyektində protokol tərtib edildiyini diqqətə çatdırıb: "Bunlardan 50-nə xəbərdarlıq edilib, 29-u aidiyyəti üzrə məhkəmə icraçılarına göndərilib. Tətbiq olunmuş cərimələrin ümumilikdə miqdarı 115 500 manat olub. Bundan başqa xidmət tərəfindən dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 23 980 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlanışından keçmədiyi, Xidmətin Ərzaq məhsullarının keyfiyyətinə nəzarət şöbəsi tərəfindən keyfiyyəti və təhlükəsizliyi normativ sənədlərin tələblərinə cavab vermədiyinə görə 17,28 kq süfrə xardalı, 7187 ədəd müxtəlif nişanlı uşaq qidaları, müxtəlif adlarda şərablar, ümumi dəyəri 137,15 manat olan müxtəlif çörək, bulka və qənnadı məmulatları, 720 kq ümumi dəyəri 2880 manat olan kolbasa məmulatları satışdan çıxarılıb. Ümumilikdə 337,28 kq, ümumi dəyəri 3017,15 manat olan ərzaq məhsulu dövlət müfəttişləri və müəssisənin nümayəndələrinin iştirakı ilə məhv edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə