Aparıcı bankların toplantısı keçirilib FOTO

Aparıcı bankların toplantısı keçirilib FOTO

Azərbaycan Risk Peşəkarları Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı banklarının hüquq menecerlərinin və mütəxəssislərinin toplantısı keçirilib. "Ata Holdinq"dən SİA-ya verilən məlumata görə, toplantıya Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamentinin direktoru Azərbaycan Respublikasının əməkdar hüquqşünası Rəna Məlikova da qatılıb.

Toplantıda "PaşaBank", "XalqBank", "AtaBank", "Bank of Baku", "YapıKredi Bank", "AccessBank", "DəmirBank", "Bank BTB", "AFB Bank"," ExpressBank", "MuğanBank" və digər bankların nümayəndələri iştirak ediblər.

Toplantının gündəliyinin əsasını bankların üzləşdiyi əhəmiyyətli hüquqi risklərin və problemlərin müzakirəsi, onların həlli yollarının tapılması, banklarda hüquq işinin risk idarəetməsi konsepsiya əsasında yenidən baxılması mövzuları təşkil edib.

Toplantıda bank sektorunun hüquqşünaslarını maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb, Mərkəzi Bankın və bankların müzakirə edilən mövzularla bağlı mövqeləri səsləndirilib, hüquqi məsələlərlə bağlı yaranmış suallar cavablandırılıb, təkliflər dinlənilib.

Banklarda hüquqi auditin və hüquq işinin idarəetmə standartlarının müəyyən olunması və bu məsələlərin qanunvericilik səviyyəsində təsbit olunması zəruriliyi vurğulanıb.

Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamentinin direktoru Rəna Məlikova müzakirə edilən məsələlərin həllində öz səlahiyyətləri daxilində yardımçı olacağını və bankları narahat edən məsələləri aidiyyatı instansiyalara çatdıracağını bildirib.

Yekunda belə toplantıların, hüquq sahəsində problemlərin vaxtında ortaya çıxarılması və həllində vahid yanaşma və təcrübə mübadiləsi baxımından vacibliyi qeyd olunub və müntəzəm olaraq dəyirmi masa formatında təşkil edilməsi qərara alınıb.

Bankların hüquqşünas menecerlərinin dəyirmi masasının sədri "AtaHolding" ASC-nin Hüquq Departamentinin direktoru, "AtaBank" ASC-nin İdarə Heyətinin sədrinin müşaviri, ARPA Direktorlar Şurasının üzvü Qorxmaz Ağayev seçilib.

Dəyirmi masaların rüblük əsasda keçirilməsi nəzərdə tutulur. Növbəti Dəyirmi masanın keçirilməsi bu ilin sentyabr ayına təsadüf edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə