Azərbaycanın investisiya imkanları Braziliyanın nümayəndə heyətinə təqdim edilib

Azərbaycanın investisiya imkanları Braziliyanın nümayəndə heyətinə təqdim edilib

Braziliyanın Xarici İşlər Nazirliyinin əməkdaşlıq, mədəniyyət və ticarətin təbliği üzrə Baş katibinin müavini Hadil da Roşa Viannanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) işgüzar görüş keçirilib. SİA-ya verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı regional layihələr haqqında məlumat verib. Azərbaycan və Braziliya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən nazir müavini, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu deyib.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Braziliyanın Xarici İşlər Nazirliyinin əməkdaşlıq, mədəniyyət və ticarətin təbliği üzrə Baş katibinin müavini Hadil da Roşa Vianna dostluq zəminində qurulan Azərbaycan-Braziliya münasibətlərinin inkişaf etdiyini qeyd edib, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirib. Hadil da Roşa Vianna Braziliya və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu da qeyd edib.

İşgüzar görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov qurumun fəaliyyəti barədə məlumat verib. O, AZPROMO tərəfindən Braziliyalı iş adamlarına ölkəmizdə biznes fəaliyyətinin təşkili sahəsində müvafiq dəstəyin göstəriləcəyini bildirib.

Qeyd edək ki, tədbirdə həmçinin, infrastruktur, qida sənayesi və aviasiya sahəsində fəaliyyət göstərən Braziliya şirkətlərinin nümayəndələri təqdimatlarla çıxış edib, Azərbaycanın investisiya imkanlarına dair müzakirələr aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə