Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Norveçin "Statoil" şirkəti arasında Bakıda Xəzərin Azərbaycan sektorundakı "Zəfər" və "Məşəl" perspektiv strukturları üzrə anlaşma memorandumu imzalanıb. SİA-nın məlumatına görə, imzalanmada Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bəyan edib ki, bu layihədə "Statoil" şirkəti operator rolunda çıxış edəcək.
Eyni zamanda, "Statoil" şirkətinin rəhbəri Xelge Lund əməkdaşlıqdan məmnun olduğunu bəyan edib və bildirib ki, bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. X.Lundun sözlərinə görə, ümumilikdə neft-qaz yataqlarında kəşfiyyat işləri müəyyən risklər daşıyır, lakin "Statoil" şirkəti böyük təcrübəyə malikdir və bu təcrübə "Zəfər-Məşəl" perspektiv strukturun işlənməsində yardımçı olacaq.
Memoranduma uyğun olaraq, tərəflər onun qüvvəyə mindiyi gündən 12 ay ərzində danışıqlar aparmalı və gələcək sazişin kommersiya parametrlərini müəyyən etməlidir.
Məlumat üçün bildirək ki, layihəyə investisiyaların həcmi təqribən 2 milyard dollar, proqnozlaşdırılan neft ehtiyatları isə 140 milyon ton qiymətləndirilib. Bu həcmdən 100 milyon ton "Zəfər"in, 40 milyon ton isə "Məşəl"in payına düşüb. Müqavilə kommersiya cəhətdən cəlbedici olmayan karbohidrogen həcmlərinin aşkarlanması səbəbindən dayandırılmışdı.
ARDNŞ geoloqlarının hesablamalarına görə, bu strukturlarda ehtiyatlar 300 milyard kubmetr qaz və 37 milyon ton kondensat həcmində qiymətləndirilir.
Qeyd edək ki, "Zəfər" və "Məşəl" dəniz perspektiv strukturlarının işlənməsinə dair birinci müqavilə 1999-cu ilin aprelində ABŞ-ın "ExxonMobil" şirkəti və ARDNŞ arasında imzalanmışdı. Layihədə iştirak payının 50 faizi ARDNŞ-yə, 30 faizi isə "ExxonMobil"a məxsusdur. 2000-ci ildə qalan 20 faiz isə ABŞ-ın "Conoco Philips" şirkətinə təhvil verilib.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB