İqtisadi İnkişaf naziri Şahin Mustafayev Beynəlxalq Valyuta Fondunun Bakıda səfərdə olan missiyası ilə görüşüb. Görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb. Bu ilin 9 ayının iqtisadi göstəriciləri barədə məlumat verən nazir Şahin Mustafayev iqtisadiyyatın bütün sahələrində, xüsusilə qeyri-neft sektorunda artım dinamikasını qeyd edib, ilin sonuna proqnozları diqqətə çatdırıb. İqtisadi İnkişaf naziri Şahin Mustafayev ölkədə aparılan sənayeləşmə siyasəti, eləcə də kənd təsərrüfatı, İKT, nəqliyyat, turizm, alternativ enerji və s. sahələrdə həyata keçirilən layihələr barədə məlumat verib, iqtisadi inkişafda özəl bölmənin rolunun daha da artdığını vurğulayıb.
BVF-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Raca Almarzoqi Azərbaycanda iqtisadi sabitliyin qorunub saxlanılması və dinamik iqtisadi inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlərin BVF tərəfindən maraqla izləndiyini qeyd edib, islahatların bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə 2013-cü il üçün proqnozlar, qeyri-neft sektorunun ÜDM-də payının daha da artırılması və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB