"Son günlər Azərbaycanda çörəyin qiymətinin artması dünyada buğda, eləcə də un məhsullarının qiymətinin artması ilə bağlıdır". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramlı deyib. O bildirib ki, son 1 ayda dünya bazarında unun qiyməti 25%-dək artıb. V.Bayramlının sözlərinə görə, Azərbaycanın buğda və taxıl məhsullarının idxal etdiyi ölkələrdə-Rusiya və Qazaxıstanda da taxıl istehsalı aşağı düşüb: "Belə ki, 2012-ci ilin yekunlarına görə, Qazaxıstanda taxıl istehsalında 14%, Rusiyada isə 12%-ə yaxın azalma müşahidə edilib. Bununla da Rusiya və Qazaxıstanın taxıl ixracatı xeyli məhdudlaşıb. Eləcə də bu dünya bazarında taxıl qıtlığının yaranmasına gətirib çıxarıb ki, bu da son nəticədə qiymət artımları ilə müşahidə edilib. Azərbaycanın taxıla olan ehtiyacının bir hissəsinin dünya bazarına idxal edilən taxıl və un məhsulları hesabına ödənməsini nəzərə alsaq dünya bazarı ilə Azərbaycanda çörəyin qiyməti arasında müəyyən əlaqənin olduğunu görərik".
İqtisadçı-ekspert həmçinin əlavə edib ki, 2012-ci ildə Azərbaycan 2,7 milyon ton buğda istehsal edib və bunun 1,7 milyon tonu məhz çörək üçün yararlı buğdalar hesabına olub. Onun fikrincə, məhz bu baxımdan da Azərbaycan praktiki olaraq taxıla olan tələbatının 85%-ni yerli istehsal hesabına ödəmək imkanlarına malikdir. V.Bayramlı qeyd edib ki, əgər daxili istehsal hesabına un məhsullarına olan təlabat həyata keçirilsə, taxılın alınması və fermerlərin istehsal etdiyi taxıl məhsulları Taxıl Fondunun müəyyənləşdirdiyi keyfiyyət standartlarına uyğun olsa, o zaman ilin sonuna doğru çörəyin qiymətində yenidən azalmaların olması mümkündür.
"Çünki Azərbaycan 2012-ci ildə aqrar sektorda 6,7 % artım müşahidə edilib. Bu isə o deməkdir ki, taxıl istehsalında müşahidə edilən artım Azərbaycana növbəti aylarda daxili istehsal hesabına öz təlabatını ödəmək imkanları verəcək. Amma hazırda müşahidə edilən artım yerli istehsallarla bağlı deyil. Bu sırf dünya bazarında müşahidə edilən qiymət artımları ilə əlaqədardır. Azərbaycan da yerli istehsalı artırmaqla çörəyin qiyməti ilə dünya bazarı arasındakı əlaqəni aradan qaldırıb, bütövlükdə növbəti illərdə çörəyin qiymətinin azalmasına nail ola bilər", - deyə iqtisadçı-ekspert vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB