\"Eurovision\" ərəfəsində Azərbaycana nə qədər turist gəlib?

\"Eurovision\" ərəfəsində Azərbaycana nə qədər turist gəlib?

"Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycan sərhədini 15 gün müddətində 103 min insan keçib. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, müsabiqəyə təşrif buyuran nümayəndə heyətləri, təmsilçilər və onlarla birgə gələnlərin sayı təxminən 6-7 min arası olub: "Həmin ərəfədə Azərbaycan sərhədini 15 gün müddətində 103 min insan keçib. Adətən 15 gün müddətində Azərbaycana gələn insan sayı 30-40 mindən çox olmur. Belə nəticə çıxarmalıyıq ki, turist məqsədli Azərbaycana gələn insanların sayı 50 mindən çoxdur. Bu insanların hamısı "Eurovision"a daxil olmaq, bu sevinci yerində yaşamaq üçün Azərbaycana gəliblər və bununla da ölkəmizə gələn turistlərin sayı artıb.

"Eurovision"un çox böyük uğurla keçirilməsi gələcəkdə Azərbaycana gələn turistlərin sayının artmasına böyük təkan verəcək. 57-ci "Eurovision" yarışması müddətində Azərbaycana daha çox nəqliyyatı daha rahat və birbaşa uçuşu olan ölkələrdən insan gəlib. Sözsüz, burada nəqliyyatın rahat olması, birbaşa uçuşun olması faktoru böyük rol oynayır. Rusiya, Gürcüstan, İran, Orta Asiya və Türkiyədən Azərbaycana daha çox insan gəlib. Amma buna baxmayaraq Avropa ölkələrindən, hətta Amerikadan da xüsusiləşdirilmiş qruplar Azərbaycana gəlib",- deyə nazir əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə