Normal yaşayış üçün nə qədər əmək haqqı tələb olunur? - ARAŞDIRMA

Normal yaşayış üçün nə qədər əmək haqqı tələb olunur? - ARAŞDIRMA

"Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında" Qanun əsasında ölkədə 2011-ci il üçün yaşayış minimumu 93,5 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, 14 yaşına qədər uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib. Azərbaycanda orta aylıq əmək haqqının yaşayış minimumunu ödəməsinə baxmayaraq, nəzərə almaq lazımdır ki, heç də əhalinin hamısı orta aylıq əməkhaqqı miqdarında əməkhaqqı almırlar. 2012-ci ildə orta aylıq nominal əmək haqqı 432 manat məbləğində proqnozlaşdırılıb və 2011-ci ilin göstəricisindən 11,6% çoxdur. Orta aylıq əməkhaqqını yaşayış minimumu ilə müqayisə etsək, orta aylıq əməkhaqqının yaşayış minimumundan artıq olduğunu görürük.

Qeyd edək ki, 2006-2011-cu illər ərzində Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikası müşahidə edilib. 5 il ərzində orta aylıq minimum əmməkhaqqı 63,5 manat artıb və 2011-ci il üçün Azərbaycanda yaşayış minimumu 93,5 manat təşkil edib. Nəzərə almaq lazımdır ki, Azərbaycanda hamı orta aylıq əməkhaqqı miqdarında əməkhaqqı almır. Hətta bir çox hallarda vətəndaşların aylıq əməkhaqqı orta aylıq əməkhaqqından az olur. Məsələn, təqaüdçülərin orta aylıq gəlirləri 100 manatdır. Bu da orta aylıq əməkhaqqından üç dəfə azdır. Belə olduğu halda isə vətəndaşların yaşayış minimumunu tam təmin etməsi çətinləşir.

Bəs bu gün Azərbaycanda normal yaşayış üçün nə qədər əmək haqqı tələb olunur?

Araşdırmalara görə 4 nəfərlik bir ailə üçün:

- Kommunal xərclər - 100 manat

- yemək xərcləri - 300 manat

- paltar - 250-350 manat

- benzin - 100-150 manat (avtomobili olan ailələr üçün)

- telefon xərcləri - 50 manat

- görünməyən xərclər - 150 manat

Toplam 4 nəfərlik bir ailənin 1 aylıq normal yaşam xərci 800-900 manat təşkil edir.

Aktual elmi sosioloji araşdırmalar mərkəzinin rəhbəri, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı normal yaşayış anlayışının nisbi anlayış olduğunu bildirib: "Bəzi ailələrdə yaşayış tələbi çox yüksək standartlara cavab verir, lakin bəzi ailələrdə normal yaşayış standartlarının əsas ehtiyac meyyarları daha aşağıdır. Ümumi olaraq 4 nəfərdən ibarət Azərbaycan ailəsinin normal yaşaması və ən azından minimum istehlak hələbatını ödəmək üçün əgər şəxsi evi varsa, 1200 manat kifayət edir."

Ə.Süleymanlı minimum əmək haqqının normal yaşayış səviyyəsini ödəmədiyini də qeyd edib. "Minimum əmək haqqı hər hansı bir ailənin normal həyat tərzi sürməsi üçün çox az məbləğdi. Real olaraq ailə bu məbləğlə yalnız çox kiçik xərcləri ödəyə bilər. Bu gün biz cəmiyyətimizdə insanların düşüncə tərzindən asılı olaraq şişirdilmiş əmlak bazarı qiymətlərilə, xidmət səviyyəsinin aşağı olmasına baxmayaraq xidmət sektorundakı qiymətlərin çox yüksək olması ilə, kənd təsərrüfatı məhsullarının qiymətlərinin çox yüksək olması ilə qarşı-qarşıyayıq. Bir insanın normal yaşaması üçün ekstra xərcləri nəzərə almasaq, təkcə normal yaşayış minimum 400-500 manat tələb edir." -deyə əlavə edib.

İqtisadçı ekspert Vüqar Bayramlı bildirib ki, Azərbaycanda orta aylıq əməkhaqqı Gürcüstanla müqayisədə 65%, Ermənistanla müqayisədə isə 2 dəfə çox olmaqla Qafqazda birinci yeri tutur. MDB məkanında isə Azərbaycan orta aylıq əməkhaqqı göstəricisinə görə, Rusiya və Qazaxıstandan geri qalmaqla ilk 3-yə daxildir.

İqtisadçı ekspert Azərbaycanda 108 manatla bir ay ərzində minimum yaşayış tələbatının ödənilməsinin mümkün olmadığını deyir: "Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq olunmuş qanuna əsasən 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabliyyətli əhali üçün bu 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçünsə 87 manat təşkil edir. Nəzərə alsaq ki, ötən illərə nisbətdə 2012-ci ildə minimum əməkhaqqı artıb, lakin bu heç də lazım olan vəsaitin həcmini əks etdirmir. Təbii ki, Azərbaycanda 108 manatla bir ay ərzində minimum yaşayış tələbatını ödəmək mümkün deyil. Hesablamalar göstərir ki, Azərbaycanda bir aylıq minimum yaşayış məbləği 220 manatdır. Bütün hallarda 4 nəfərlik bir ailənin aylıq xərci 800 manatdan artıq deyil. Lakin bu məbləğlə ailənin yığım imkanları olmur. Əgər ailə mənzillə təmin olunmayıbsa onda aylıq xərc 800 manatdan 1100 manatadək artır".


NƏRMİN

Bütün xəbərlər Facebook səhifəmizdə