Sabahdan əmanətlərin qaytarılmasına başlanılır

Sabahdan əmanətlərin qaytarılmasına başlanılır
Sabahdan etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında imzaladığı fərman qüvvəyə minir. SİA-nın xəbərinə görə, bu məqsədlə bu gün Azərbaycan Respublikası Maliyyə Nazirliyində mətbuat konfransı keçirilib. Konfransı giriş nitqi ilə maliyyə naziri Samir Şərifov açaraq deyib ki, fərmana əsasən sadəcə Azərbaycan Respublikasının vətəndaşı olan, 1 yanvar 1992-ci il tarixinə əmanəti olan əmanətçilərə birdəfəlik fərdi ödəmənin verilməsi nəzərdə tutulur. Bildirilib ki, son dövrlərdə ölkəmizin sosial-iqtisadi inkişafında qazanılan uğurlar, əldə olunan makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması əhalinin inflyasiya nəticəsində ucuzlaşmış bank əmanətlərinin onlara dövlət tərəfindən qayatrılması üçün şərait yaradıb. Bu fərman imzalanandan dərhal sonra ictimaiyyətin böyük marağına səbəb olub. Qeyd olunub ki, burada məqsəd ondan ibarətdir ki, əmanətini almaqda maraqlı olan hər bir əmanətçi onu vaxtında almaqda maraqlı olmalıdır. Yəni 2012-ci ilin 31 dekabr tarixinə kimi Kapital bankın istənilən filialına müraciət edilməlidir. S. Şərifovun sözlərinə görə, əmanətlər Azərbaycan vətəndaşı olmayan şəxslərə şamil edilməyəcək. Nazir sözlərinə əlavə edib ki, artıq Kapital bankda xüsusi əlaqələndirmə mərkəzi yaradılıb. Hər hansı mübahisəli məsələlər və ya bank tərəfindən qaldırılan məsələlər komissiyaya ünvanlanacaq. Məsələn, hər hansı əmanətçinin əlində əmanət kitabçası yoxdursa, lakin o şəxsi hesabı haqda məlumatı və ya şəxsi hesabının nömrəsini bilirsə, onlar bu komissiyaya müraciət edə bilərlər. Lakin həmin müraciətlər xüsusi komissiya tərəfindən araşdırılacaq. Araşdırma nəticəsində həmin əmanətçiyə cavab veriləcək:


"Bu, birdəfəlik ödəmədir. Əmanət qalıqları yerində qalır, əmanətçilər bu qalıqdan istifadə edə bilərlər. Hər bir əmanət qalığından asılı olaraq birdəfəlik ödəmənin məbləği müəyyən ediləcək. Bu, əmanətçinin müraciəti əsasında ödənəniləcək".


Daha sonra Kapital bankın əmanətçiləri üçün hazırladığı slayd təqdim olunub. Məlumat verilib ki, artıq Kapital bankın müəyyən filialları və şöbələr şəbəkəsi fəaliyyət göstərir və bu barədə xüsusi internet səhifələrində yazılar dərc edilib. Qeyd olunub ki, hər bir əmanətçi hansı filiala yaxınlaşsa, bu hüquqdan yararlana biləcəyini öyrənəcək. Samir Şərifov jurnalistlərin suallarını cavablandırarkən deyib ki, burada yaşayan erməni mənşəli Azərbaycan vətəndaşları hər bir Azərbaycan vətəndaşı kimi bu hüquqdan istifadə edə bilərlər:


"Biz burada hər hansı problem görmürük. Burada heç bir ayrı-seçkilik yoxdur. Yəni erməni mənşəli və ya başqa mənşədən olan Azərbaycan vətəndaşları bu hüquqdan istifadə edə bilərlər".


Daha sonra Kapital Bankın İdarə Heyətinin sədri Elmar Məmmədov və digərləri jurnalistləri maraqlandıran suallara ətraflı və dolğun məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə