Azərbaycan kənd təsərrüfatı sahəsində Argentina ilə əməkdaşlıq edəcək
Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq nazirinin müavini Lorenzo Bassonun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində görüş keçirilib. Komitənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə komitənin struktur bölmə rəhbərləri, tabeliyində olan qurumların nümayəndələri, qonaqlardan isə Argentina Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyinin ikitərəfli əməkdaşlıq və əlaqələr idarəsinin rəisi Miqel Donatelli, heyvandarlıq üzrə altkatib Alexandro Lotti və SENASA (Kənd Təsərrüfatı və Ərzaq Məhsullarının Sanitariyası və Keyfiyyəti üzrə Dövlət Xidməti) təşkilatının nümayəndəsi iştirak edib.
Görüşdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov qurumun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Azərbaycanda keyfiyyət infrastrukturunun müasir dünya standartlarına uyğun qurulması üçün dövlət tərəfindən atılan məqsədyönlü addımlardan danışan sədr bu sahədə Argentina ilə də əməkdaşlığın zəruri olduğunu qeyd edib.
Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq nazirinin müavini Lorenzo Basso Azərbaycanda şahidi olduğu iqtisadi inkişafdan, infrastruktur layihələrinin icrasından məmnun olduğunu, ölkələr arasında qarşılıqlı əməkdaşlığın qurulmasında maraqlı olduqlarınını söyləyib. Argentina Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyinin tərkibinə daxil olan strukturlardan birinin Argentinada kənd təsərrüfatı məhsullarının keyfiyyət təminatına nəzarət, lisenziya və sertifikatların verilməsi, standartlaşdırma və patentləşdirmə əməliyyatlarını həyata keçirən Argentina Kənd Təsərrüfatı və Ərzaq Məhsullarının Sanitariyası və Keyfiyyəti üzrə Dövlət Xidməti (SENASA) olduğunu deyən L.Basso adıçəkilən sahələrdə Komitə ilə əməkdaşlıq niyyətlərinin olduğunu qeyd edib.
Görüşün sonunda sahələr üzrə ikitrəfli saziş layihəsinin hazırlanması və təcrübə mübadiləsi aparmaq məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB