Yeni dövlət standartları təsdiq edilib

Yeni dövlət standartları təsdiq edilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi konservləşdirilmiş tomat şirəsi, meyvə şirələri, boru kəmər armaturası, taxıl, transformator yağları, dam örtükləri, nəqliyyat vasitələri, dəmir yolu ilə bağlı milli standartları, informasiya texnologiyaları və enerji məhsulları ilə bağlı təsnifatları təsdiq edib. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bundan başqa AZS 411-2010 (EN 197-1:2010) standartına dəyişiklik edilib.

AZS 352-2011 (codex stan 49-1981) "Yalnız fiziki üsullarla konservləşdirilmiş tomat şirəsi" standartı yalnız fiziki üsullarla konservləşdirilmiş, bilavasitə istifadə üçün nəzərdə tutulan tomat şirəsinə şamil edilir. Bu standart şirənin ionlaşdırıcı şüalanma emalı olmadan fiziki üsullarla konservləşdirilməsini nəzərdə tutur.

AZS 353-2011 (codex stan 247-2005) "Meyvə şirələri və nektarları" standartı məhsulun tərifi, növ müxtəlifliyi, əsas tərkibi və keyfiyyət göstəriciləri, qida əlavələri, gigiyenik tələblər, markalanma və s.ni əhatə edir.

AZS 396-2011 "Boru kəmər armaturası. Termin və təriflər" standartı boru kəməri armaturasına şamil olunur və onun üçün anlayışların termin və təriflərini təyin edir. Bu standartda müəyyən edilmiş terminlər armaturanın istehsalı və tətbiqi sahəsində olan bütün növ sənədlərdə (standartlarda, texniki və ya müqavilə sənədlərində, ədəbiyyatda və s.) tətbiq edilir.

AZS 410-2011 "Tədarük olunan və göndərilən taxıl. Termin və təriflər" standartı tədarük olunan və göndərilən taxıla dair anlayışların termin və təriflərini müəyyən edir.

AZS 589-2011 "T-1500-30 və T-1500-45 markalı transformator yağları" standartı azparafinli neftlərin qarışığından alınan, turşu, qələvi-kontakt üsulu ilə təmizlənən transformator yağına aid olub, transformatorlarda, yağlı elektrik açarlarında və digər yüksək gərginlikli aparatlarda əsas elektroizolyasiya materialı kimi istifadə olunur.

AZS 592-2011 "Monterey tipli metalkirəmit dam örtükləri" standartı dam örtükləri üçün Azərbaycan Respublikasında istehsal olunan "Monterey" tipli metalkirəmit dam örtüyü məhsuluna şamil olunur. Bu məhsul mülki və sənaye binalarında dam örtüyü kimi istifadə üçün nəzərdə tutulub.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən işlənib təqdim edilmiş AZS 599-2011 "Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyatı nişanları" standartı avtomobil, motosikl, motoroller, motoaraba, traktor və avtomobil traktor qoşqularının, eləcə də onlara bərabər tutulan nəqliyyat vasitələrinin tanınması üçün istifadə olunan dövlət qeydiyyat nişanlarına şamil olunur. Standart Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin qoşunlarının nəqliyyat vasitələrinə aid deyil.

AZS 602-2011 (TS EN 1169/Nissan 2011) "İlk dəfə istehsal edilən beton məmulatlar – Tərkibində möhkəmləndirici şüşə lif olan sementlərin sənaye istehsalına nəzarətin ümumi qaydaları" standartı emal edilən möhkəmləndirici şüşə lif olan sementləri əhatə edir.

AZS СТБ EN 13230-1-2011 "Dəmir yolu. Yolun üst quruluşu. Demir-beton şpal

və çevirici bruslar. Hissə 1. Ümumi tələblər" standartı Komitə tərəfindən Rusiya Federasiyasının Milli Standartı ГОСТ Р 41.83-2004 (Единообразные предписания, касающиеся сертификации транспортных средств в отношении выбросов вредных веществ в зависимости от топлива, необходимого для двигателей) əsasında cild üsulu ilə hazırlanmış AZS ГОСТ Р 41.83-2010 (Zərərli maddələrin atılmasına aid mühərriklər üçün tələb olunan yanacaqdan asılı olaraq avtonəqliyyat vasitələrinin sertifikatlaşdırılmasına dair vahid təlimatlar) standartı kimi qəbul olunub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təqdim edilmiş AZT 042-2011 "İnformasiya və kommunikasiya texnologiyaları xidmətlərinin statistik təsnifatı" və Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş AZT 043-2011 "Enerji məhsullarının təsnifatı"nı da təsdiq edib.

Bundan başqa Komitə AZS 411-2010 (EN 197-1:2010) "Sement. I hissə: Ümumi təyinatlı sementlərin tərkibi, spesifikasiyaları, qablaşdırılması, saxlanması, nəql edilməsi və uyğunluq meyarları" standartına dəyişiklik edib. Dəyişikliyə əsasən, standartda ümumi təyinatlı sementlərin tiplərinin hər birinə uyğun olaraq maddi tərkibi cədvəl şəklində əks olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə