Goranboy rayonunun Əlirzalı kəndinə təbii qaz verilib

Goranboy rayonunun Əlirzalı kəndinə təbii qaz verilib
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində geniş miqyaslı işləri davam etdirir. SİA-nın məlumatına görə, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində əhalinin mavi yanacaqla təmin olunması prosesindəki mövcud problemlər aradan qaldırılır. Goranboy rayonunun qazlaşdırılması istiqamətində həyata keçirilən təmir-bərpa, yenidənqurma işləri də bu baxımdan diqqətəlayiqdir. 15 iyun Milli Qurtuluş günündə Goranboy rayonunun Əlirzalı kəndinə ilk dəfə olaraq təbii qazın verilişi münasibəti ilə təntənəli mərasim keçirilib. Tədbirdə ARDNŞ-nin "Azəriqaz" İB-nin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 229 abonenti olan Əlirzalı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 26440 metr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 229 ədəd qaz sayğacı quraşdırılıb. Tədbirdə çıxış edən kənd ağsaqqalları, ziyalılar, şəhid ailələri ilk dəfə olaraq kəndin "mavi yanacaq"la təchiz olunmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə