Əmlak Məsələləri Dövlət Komitəsi investisiya müsabiqəsinə yekun vurub

Əmlak Məsələləri Dövlət Komitəsi investisiya müsabiqəsinə yekun vurub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinə aid özəlləşdirilən müəssisələrin investisiyaların cəlb edilməsi yolu ilə daha da inkişaf etdirilməsi, fəaliyyətlərinin müasir standartlar səviyyəsində yenidən qurulması, özəlləşdirilmiş müəssisələrdə rəqabətə davamlı malların istehsalı və yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə nail olunması, habelə özəlləşdirilən müəssisələrə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Komitədən SİA-ya verilən xəbərə görə, bu baxımdan respublikanın müxtəlif regionlarında yerləşən ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən qeyri-neft sektoruna aid müəssisələrin investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsinə daha çox diqqət yetirilir. Bu məqsədlə, Azərbaycan Respublikası Prezidentinin 22 mart 2001-ci il tarixli "Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında" Sərəncamının icrasını təmin etmək məqsədi ilə komitə tərəfindən "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na müvafiq olaraq elan edilən "Azərkabel" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinə yekun vurulub.

Səsvermənin nəticələrinə uyğun olaraq, "Azkabel" Məhdud Məsuliyyətli Cəmiyyəti "Azərkabel" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

Müsabiqənin şərtlərinə müvafiq olaraq, müsabiqə qalibi 300 000 (üç yüz min) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini öhdəsinə götürüb. Bununla yanaşı müsabiqənin qalibi olmuş "Azkabel" MMC təqdim etdiyi investisiya proqramına əsasən səhmdar cəmiyyətinin inkişafına yönəlmiş işlərin həyata keçirilməsinə 1 (bir) il ərzində 400 000 (dörd yüz min) manat məbləğində investisiya qoyuluşunun yerinə yetirəcəkdir. Nəzərdə tutulan investisiyalar müəssisədə rezin kabel istehsalı üçün yeni avadanlıqların alınıb quraşdırılması, köhnə avadanlıqların təmiri və bərpası, habelə istehsal sahəsinin təmirinə yönəldiləcəkdir. Müəssisədə istehsal fəaliyyəti bərpa edildikdən sonra 10 çeşiddə müxtəlifölçülü KG tipli rezin kabellərin istehsalı təmin ediləcəkdir.

İnvestisiya Proqramına əsasən, investisiya fəaliyyəti dövründə 20-ə yaxın yeni iş yerinin açılması da nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə