Dövlət Şəhərsalma və Arxitektura Komitəsində kollegiya iclası olub

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində qurumun yaradılmasının 20 illiyinə və ötən ilin yekunlarına həsr olunmuş geniş tərkibdə Kollegiya iclası keçirilib.

Bu barədə SİA-ya Komitədən bildirilib.

Məlumata görə, tədbirdə çıxış edən qurumun sədri Anar Quliyev bildirib ki, ötən müddətdə ölkə üzrə normativ bazanın və standartların təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb, ümumi və baş planların hazırlanmasında yeni yanaşmalar tətbiq edilib, müasir layihələndirmə üsullarının və texnologiyalarının tətbiqinə başlanılıb, şəhərsalma nəzarəti mexanizmi yaradılıb və şəhərlərin tarix-memarlıq mühitinin qorunması istiqamətində bir çox ardıcıl tədbirlər və islahatlar baş tutub.

Onun sözlərinə görə, bu günə qədər ölkə üzrə 79 şəhərdən 67-nin Baş planı təsdiq olunub və qalan şəhərlərin planlarının yenilənməsi üzrə işlər davam edir. Sədr ərazi planlaşdırma sənədlərinin hazırlanması zamanı tarixi-mədəni irsin qorunması, müasir memarlıq həlləri ilə uzlaşdırılması, nəqliyyat infrastrukturunun modernləşdirilməsi, ictimai nəqliyyat və piyada mühitinin inkişafı, yaşıl zonaların ərazisinin genişləndirilməsi, sosial infrastrukturun planlı yerləşdirilməsi, "ağıllı şəhər" texnologiyalarının tətbiqi istiqamətində görülən işlərə xüsusi diqqət çəkib.

O, ayrıca vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurdakı 12 şəhərdən 8-nin Baş planı artıq təsdiqlənib. Komitənin əsas icraçı qurumlardan olduğu ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Böyük Qayıdışa dair Dövlət Proqramı" çərçivəsində 100-dən çox şəhər və kəndin ərazi planlaşdırılması sənədləri təsdiq edilib. Artıq 40 yaşayış məntəqəsinə köç təmin olunub və həmin ərazilərdə 70 minə yaxın insan yaşayır, işləyir və təhsil alır ki, onlardan da 30 min nəfəri məcburi köçkündür.

Bunlarla yanaşı, şəhərsalma fəaliyyətinin rəqəmsallaşdırılması məqsədilə dövlət başçısının müvafiq Fərmanına əsasən elektron müraciət sistemi (e-tikinti) yaradılıb. Hazırda tikinti və istismara icazələrin alınması, fərdi yaşayış evləri ilə bağlı prosedurlar tam elektron qaydada aparılır. Eyni zamanda, Tikintilərin Dövlət Reyestri və vahid informasiya təminatı sistemi formalaşdırılıb ki, bütün bu tədbirlər şəhərsalma və tikinti proseslərinin şəffaf, çevik və effektiv idarə olunmasına imkan yaradır.

A.Quliyev Komitənin memarlıq sənətinin inkişafı və yaradıcı mühitin təşviqi istiqamətində fəaliyyətini də qeyd edib, bu məqsədlə təsis edilən "Təməl" mükafatını memarların potensialının üzə çıxarılmasında mühüm təşəbbüs kimi qiymətləndirib.

Beynəlxalq əlaqələr sahəsində əldə edilmiş uğurlara toxunan Komitə sədri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) Bakının ev sahibliyi etməsi ölkəmizin şəhərsalma sahəsində beynəlxalq nüfuzunun göstəricisi kimi diqqətə çatdırıb. Bunun digər nümunələri kimi Azərbaycanın BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçilməsi, habelə "Hər kəs üçün münasib mənzil" üzrə Açıq Hökumətlərarası İşçi Qrupuna həmsədrliyi qeyd edilib.

Komitə sədri ölkə Prezidentinin 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan etməsinin bu sahələrə olan diqqət və qayğının daha bir bariz nümunəsi olduğunu deyib, qarşıdakı vəzifələr barədə qeydlər edib. Bunlar arasında şəhərsalma sənədlərinin hazırlanmasında keyfiyyət standartlarının yüksəldilməsi, regionların şəhərsalma nöqteyi nəzərdən balanslı inkişafının təmin edilməsi, memarlıq müsabiqələrinin təşviqi və rəqəmsal alətlərin tətbiqinin genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib.

Yekunda A.Quliyev qarşıya qoyulan vəzifələrin davamlı və sistemli şəkildə icrası üçün tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə