Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 40 % artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 4 milyard 43,9 milyon ABŞ dolları təşkil edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 40,1 % çoxdur.
O cümlədən, son 1 ildə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 40,7 % artaraq 556,9 milyon ABŞ dollarına, ittifaq ölkələrindən idxalının dəyəri isə 36 % artaraq 487 milyon ABŞ dollarına çatıb.
2 ay ərzində Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 74,6 %, ümumi idxalında payı isə 11,7 % təşkil edib.
Hesabat dövründə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Çexiya Yunanıstan və İspaniya ilə formalaşıb. Belə ki,
Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard 278,4 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 2 milyard 204,9 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 73,5 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 24,6 %, ixrac 24,6 %, idxal isə 24,9 % çoxdur.
Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri 485,4 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 285 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 200,4 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 2,8 dəfə, ixrac 5 dəfə, idxal isə 1,7 dəfə artıb.
Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin dəyəri 234,9 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 224,5 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 10,4 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 2,5 dəfə, ixrac 2,7 dəfə, idxal isə 15 % artıb.
Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin dəyəri 139,7 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 127 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 12,7 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 1,5 dəfə, ixrac 1,6 dəfə, idxal isə 43 % artıb.
Azərbaycanla İspaniya arasında ticarət dövriyyəsinin dəyəri 20,3 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 0,6 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 19,7 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 64,2 %, ixrac 69,3 dəfə azalıb, idxal isə 24,1 % çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə