"Qanunsuz müdaxilələrə heç bir halda yol verilməməlidir" - ŞƏRH EDİLDİ

"Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün çox iş görülür. Lakin, nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə sözügedən seqment iqtisadi artımın əsasını təşkil edir ki, bu da kifayət deyil. Ölkədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də mövcuddur. Prezidentin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb və 26 iyun 2018-ci il tarixli Fərmanı ilə onun nizamnaməsi və strukturu təsdiq edilib". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxs sayılır və İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir: "Yəni ki, təkcə bu faktor, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafının nə qədər əhəmiyyətli tutulduğuna əyani işarədir.

Sözügedən seqment sahibkarlığın inkişafı üçün daha geniş tələblər irəli sürür. Kiçik sahibkarlığın inkişafı üçün stimullaşdırıcı şərait olmalıdır, vergidən tutmuş, gömrük rüsumlarınadək bütün prosedurlar maneə heç bir istiqamətdə xarakter daşımamalıdır, heç bir inhisar elementləri mövcud olmalı deyil, maliyyə resurslarına çıxış sərbəst və şəffaf xarakter daşımalıdır, bazar əlçatan olmalıdır. Bütün bunlar bizdə təmin olunmuş vəziyyətdədirmi? Xeyr. Çünki bunun həm obyektiv, həm də subyektiv səbəbləri vardır. Ən başlıca obyektiv səbəb odur ki, bazar balacadır, inhisarçı elementlərin formalaşması üçün münbit şərait mövcuddur. Ancaq bu o demək deyil ki, sözügedən amilə qarşı mübarizə aparmaq mümkün deyil. Sadəcə olaraq, bir sıra aspektlərdə idarəetmə təkmilləşməlidir, büdcəyə vergi və rüsumların cəlbi mexanizmi dəyişməlidir, hüquq və iqtisadi maraqlar üzrə mənafelərin qorunması təmin edilməlidir, qanunsuz müdaxilələrə heç bir halda yol verilməməli və azad rəqabət şəraiti yaradılmalıdır".

Müəllif: Zeynəb Cəfərli

Bütün xəbərlər Facebook səhifəmizdə