Azərbaycanın TDT ölkələri ilə 11 aylıq ticarət dövriyyəsinin dəyəri məlum olub

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsinin dəyəri 6,3 milyard ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.

Onun sözlərinə görə, bunun 3,7 milyard ABŞ dolları Azərbaycanın ixracının payına düşüb.

"Hesab edirəm ki, ixrac potensialımız daha çoxdur və bu istiqamətdə reallaşdırılan təşəbbüslərin səmərəliliyini artırmalıyıq", - deyə Azərbaycan rəsmisi qeyd edib.

O əlavə edib ki, bu xüsusda Orta Dəhlizin vacibliyi önə çıxır: "Türk dövlətlərinin birgə icra etdiyi layihələr və ticarətin asanlaşdırılması üzrə islahatlar Orta Dəhlizin rəqəmsallaşdırılmasını artırır. Bu da öz növbəsində regionda yük daşımalarına və ticarətin dinamikasına müsbət təsir göstərir. Enerji və nəqliyyat sahələrindəki əməkdaşlığımız təkcə türk dövlətlərinin yerləşdiyi regionda deyil, eləcə də qlobal müstəvidə əhəmiyyətli dəyişikliklərə səbəb olub. Birgə reallaşdırılan nəhəng enerji layihələri regional enerji mənzərəsini yenidən formalaşdırıb və Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaldıb".

Bütün xəbərlər Facebook səhifəmizdə