"Düzgün quraşdırma və qayğı ilə öz elektrik enerjinizə keçə bilərsiniz" - AYDINLIQ GƏTİRİLDİ

"Sahəsi 100 kv.m olan evdə bir sakin tərəfindən orta hesabla ildə 1500 kVt/saat elektrik enerjisi istehlak olunur". Bu sözləri SİA-ya açıqlamasında ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov deyib.

O bildirib ki, iki nəfər orta hesabla ildə 2500 kVt/saat enerji istehlak edir: "İstilik avadanlığı nəzərə alınmadan məlumatlar aktualdır. Bu gün əksər günəş panelləri 370 ilə 400 vatt arasında gücə malikdir. Orta ölçülü günəş paneli gündə 1,5 kVt-saat ilə 2,4 kVt/saat arasında elektrik enerjisi istehsal edəcək. Günəş panelinin orta aylıq hasilatı ayda 100 ilə 400 kVt/saat arasında dəyişə bilər.Təqdim olunan məlumatlardan göründüyü kimi, bir günəş paneli elektrik enerjisinə olan tələbatı praktiki olaraq ödəyə bilər. Eyni zamanda, coğrafi zonalar, yay və qış dövrləri, panellərin texniki baxış (yuyulması) və s. fərqlər var. Buna görə də bir neçə panel və bir saxlama sistemi (batareyalar) quraşdırılır. Düzgün quraşdırma və qayğı ilə siz tamamilə öz elektrik enerjinizə keçə bilərsiniz.

İkinci sual istilik sistemləridir. Bu gün istilik sistemi də günəş istilik sistemlərinə çevrilə bilər. Qiymət məsələsi qalır, bu panellər üçün orta qiymətlər 1000-1300 dollardır. Akkumulyasiya sistemləri ilə birlikdə 1500-2000 dollar olacaq. Bu adi vətəndaş üçün kifayət qədər bahadır. Belə panellərin quraşdırılması üçün güzəştli kreditlər sisteminin tətbiqi məqsədəuyğun olardı. Eyni zamanda, panellərin və batareyaların təkrar emalının kifayət qədər mürəkkəb, bahalı və ekoloji cəhətdən çirkli bir proses olduğunu başa düşmək lazımdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə