“İşğaldan azad edilmiş ərazilər ölkədə aqrar sektorun inkişafına zəmin yaradacaq” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatı müstəsna rola malikdir. Nəzərə almalıyıq ki, ölkə əhalisinin 49 faizi kənd rayonlarında yaşayır və onların əksəriyyəti kənd təsərrüfatı ilə məşğuldur. Bu baxımdan biz aqrar sektorun sektorun inkişafına diqqətin vacib və səmərəli olduğunu müəyyən edə bilərik. Son illərin nəticələri göstərir ki, qəbul olunmuş dövlət proqramları, həyata keçirilən mühüm layihələr əsasında aqrar sektor inkişaf etməkdədir. Artıq kənd təsərrüfatında 3.4 faiz artıma nail olunması bu sahəyə göstərilən qayğının əyani nümunəsi ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

O bildirib ki, pambıqçılıq, taxılçılıq, üzümçülük, heyvandarlığın inkişafı sahəsində həyata keçirilən tədbirlər sahibkarlığın inkişafına önəm verilməsi, müasir texnologiyaların təsərrüfata tətbiq olunması, qabaqcıl təcrübənin öyrənilməsi bu gün diqqət mərkəzindədir və bu da sahənin inkişaf etdirilməsinə öz töhfələrini verir: “Çox yaxşı haldır ki, işğaldan azad olunmuş ərazilərdə aqrar sektorun inkişafı üçün yeni proqramlar, yeni layihələr tətbiq olunur. Artıq müəyyən sahələrdə təhlükəsizliyin təmin olunması və orada yüz min hektarlarla torpaqların əkin dövriyyəsinə daxil edilməsi kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar açır. Keçən il həmin ərazilərdə taxıl, arpa, noxud, bostan məsulları yetişdirilib. Bu da ölkə iqtisadiyyatının inkişafı üçün vacib şərtdir.

Qarabağ, Şərqi Zəngəzur torpaqları kənd təsərrüfatı üçün çox böyük potensiala malikdir. Sovet dövründə həmin ərazilərdə pambıq, üzüm, taxıl, bostan məsulları yetişdirilmiş, heyvandarlıq xeyli dərəcədə inkişaf etmişdir. Bu gün biz qürur duyuruq ki, həmin torpaqlar işğaldan azaddır və yay mövsümündə Kəlbəcərə fermerlər öz mal-qaralarını qaldırırlar. Orada arı ailələri saxlanılır və sahibkarlar müəyyən gəlir əldə edirlər. Bu proses sürətlə davam etdirilir. Çünki artıq Zəngilan, Füzuli, Ağdam, Laçına köç başlayıb və həmin ərazilərdə insanların kənd təsərrüfatı ilə məşğul olmaları üçün lazımi imkanlar da yaradılır. Sözsüz ki, məskunlaşma sürətləndikcə həmin torpaqlarda kənd təsərrüfatı məsullarının yetişdirilməsi daha da sürətləndiriləcək.

Bu gün kənd təsərrüfatının inkişafı bir çox amillərdən asılıdır. Çətin və məsuliyyətli sahə olmasına baxmayaraq aqrar sektorun inkişafı, həm də təbii şəraitdən asılıdır. Bunun üçün iqlimə uyğun olan bitkilərin əkilməsi, yeni texnologiyaların təsərrüfata tətbiqi, cins mal-qaranın yetişdirilməsi, toxumçuluğun təmin olunması, məhsuldarlığın yüksəldilməsinə qayğı qarşıda duran başlıca vəzifə sayılır. Həmin ərazilərdə yeni su anbarlarının yaradılması da yaxşı haldır. Bu da təsərrüfatların su ilə təminatını yaxşılaşdıracaq və yüksək məshul əldə etməyə imkan yaradacaq.

İşğaldan azad olunmuş ərazilərdə minalardan təmizlənmə işlərinin sürətlənməsi deməyə əsas verir ki, bu torpaqlar tez bir zamanda əkin dövriyyəsinə daxil ediləcək və ölkədə aqrar sektorun inkişafına zəmin yaradacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə