Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüş keçirib. SİA-nın xəbər verir ki, səlahiyyətli nümayəndə sahibkarlarla 2023-cü il 9 fevral tarixli görüşü xatırladaraq, həmin görüşdə səsləndirilən təkliflər əsasında “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın hazırlandığını qeyd edib. Vurğulanıb ki, Dövlət Proqramında logistikanın subsidiyalaşdırılması da Naxçıvanda həyata keçiriləcək iqtisadi islahatların tərkib hissəsi kimi nəzərdə tutulub. Bu istiqamətdə ötən dövrdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq konsaltinq şirkəti ilə müəyyən məsləhətləşmələr aparılıb.
Naxçıvanda gələcəkdə rəqabətədavamlı və ixracyönümlü məhsul istehsalı üçün xüsusi gömrük, vergi güzəştlərinin tətbiq olunacağını diqqətə çatdıran Fuad Nəcəfli istehsal prosesində innovativ texnologiyalardan istifadənin, kadr potensialının gücləndirilməsinin, sənədləşmənin qanunvericiliyə uyğun aparılmasının, tenderlərdə fəal iştirakın vacibliyini vurğulayıb. Bildirilib ki, digər sahələr kimi, sahibkarlıqda da kadr hazırlığı mühüm məsələdir. Kadrların formalaşdırılması, inkişafı üçün yeni yaradılan “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin imkanlarından istifadə olunmalıdır.
Görüşdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov sahibkarların kredit, ixrac-idxal imkanları, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev qanunvericiliyə uyğun gömrük prosedurları barədə məlumat veriblər.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, irəli sürülən təkliflər üzrə müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə