Mərkəzi Bank daha bir elektron pul təşkilatına lisenziya verib

Mərkəzi Bank daha bir elektron pul təşkilatına lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “GoldenPay” ASC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib. Bu barədə SİA AMB-yə istinadən xəbər verir.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir. Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 17 iyul 2024-cü il tarixli Qərarı ilə “Qoldenpey” ASC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

Xatırladaq ki, AMB bundan əvvəl “A-Solutions", "United Payment", "Modenis", "PashaPay", “Mobile Payment Solutions”, "Paysis” və "PulPal" MMC-lərə, “Mpay” QSC-yə elektron pul təşkilatı, “Token Azərbaycan” və “Global Innovations” MMC-lərə isə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 12-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə