Azərbaycanın ornitoloji turizm imkanları "Global Bird Fair" sərgisində tanıdılıb

Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi ("Global Bird Fair") turizm sərgisində Azərbaycanın ornitoloji turizm imkanları tanıdılıb. SİA xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Məlumata görə, sərgidə ölkəmizdə quş müşahidəçiliyi potensialının mövcud olduğu dağlıq ərazilər və su hövzələri, nadir quş növləri və onları müşahidə üçün əlaverişli mövsümlər, bütövlükdə ornitoloji turizm üzrə təbiət əraziləri və milli parklardakı biomüxtəliflik üzrə məlumat verilib, B2B formatlı görüşlər keçirilib.

Agentlik və Azərbaycan Turizm Bürosu beynəlxalq ekspertlər və Azərbaycan Ornitoloji Cəmiyyəti ilə sıx əməkdaşlıq edilərək, ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizmin inkişafı üzrə müxtəlif istiqamətli tədbirlər görüb, o cümlədən broşürlər hazırlanaraq təbiət turizmi üzrə ixtisaslaşan bələdçilər üçün təlimlər keçirib.

60-dan çox ölkənin təmsil olunuğu Qlobal Quş Müşahidəçiliyi ("Global Bird Fair") turizm sərgisi ornitoloji turizmin təbliği üzrə beynəlxalq tədbir kimi hər il keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə