"Uğurlu enerji siyasəti Azərbaycanın mövqeyini dünyada möhkəmləndirir" - ŞƏRH EDİLDİ

“Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi əməkdaşlıq əlaqələrinin genişlənməsində öz sözunü deyir. Bu gün ölkəmizdə dünya səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb. Azərbaycan 30 ildir Beynəlxalq Neft və Qaz Sərgisinə ev sahibliyi edir. Bakı Enerji Həftəsi isə öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi mötəbər platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar bu sahədə yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 29-cu Bakı Enerji Forumu. 30-dan çox ölkədən 300-dək şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya toplayır. Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyevin iştirakı və çıxışı bütövlükdə qlobal enerji ailəsinə hörmətin nümunəsi kimi dəyərləndirilərək tədbirin statusunu daha da artırır. Dövlət başçımızın qeyd etdiyi kimi, iyunun 4-ü tariximizdə “Şahdəniz” müqaviləsinin imzalanması, həmçinin yaşıl keçidlə bağlı təməlqoyma mərasimi ilə yadda qalacaqdır. Əlbəttə ki, bu vacib toplantı hər zaman yeni ideyalar, yeni təmaslar, yeni müqavilələr ilə nəticələnir və əminəm ki, budəfəki Bakı Enerji Həftəsində mühüm nəticələr əldə ediləcək”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

K.Bayramov diqqətə çatdırıb ki, qlobal enerji ailəsinin ortaq iqtisadi dialoquna çevrilən Bakı Enerji Həftəsinin builki özəlliyi və yeni məzmun gətirən ən başlıca istiqaməti isə burada “yaşıl enerji” blokunun xüsusi yer almasıdır: “Belə ki, tədbirlərə qatılan şirkətlərin təxminən 15 faizi məhz, həmin sektorların təmsilçiləridir və onların əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Beynəlxalq əhəmiyyətli tədbirdə iştirakçı dövlətlərin say tərkibində artımın olması ölkəmizin ötən bir ildə enerji sektorunda qazandığı uğurlarının göstəricisidir. Bu il Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında əks olunub. Azərbaycanın bugünkü uğurları keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Vaxtilə “Əsrin müqaviləsi” böyük enerji strategiyasının əsasını qoyduğu kimi, iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı kimi dəyərləndirilə bilər. Bu fakt COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycanın artıq qlobal aktor rolunda çıxış edərək yeni əməkdaşlıq şəbəkəsi yaratmasını göstərir. Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin söylədiyi kimi ” COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlükləri və çətinlikləri nəzərə alınmışdır".

Deputat diqqətə çatdırıb ki, hazırda ölkəmizin uğurlu enerji siyasəti Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Regional çərçivədə başlayan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas alıb. Qlobal aktorlar yaxşı bilir ki, Azərbaycanın verdiyi vəd və ya söz imzası qədər dəyərlidir. Bu gün ABŞ Prezidenti Cozef Baydenin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin açılış mərasiminin iştirakçılarına məktubu başda olmaqla, Aİ, Türkiyə, OPEC, IRENA kimi qlobal subyektlərdən göstərilən maraq Bakının hədəfinə doğru uğurla irəliləməkdə olduğunu göstərir. Bu gün Azərbaycan yeni əməkdaşlıq şəbəkəsinin yaradılması ilə artıq qlobal aktor rolunda çıxış edir, digər dövlətlərlə münasibətlərinə üçüncü güclərin müdaxiləsinə imkan verməyəcək qədər qətiyyətli davranış göstərir. ABŞ Prezidenti Cozef Baydenin Bakıya həftə ərzində artıq ikinci məktubunu yollaması, bu reallığı bir daha təsdiq edir ki, Azərbaycan-ABŞ münasibətləri pozulmayıb və bu münasibətləri kölgələməyə çalışan erməni lobbi dairələri heç nəyə nail olmadılar.

K.Bayramov bir daha vurğulayıb ki, uğurla həyata keçirilən enerji siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Bu bir reallıqdır ki,Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Ölkəmizin Avropa İttifaqı, həmçinin quruma üzv olan dövlətlər ilə enerji sahəsində əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyev «Bakı Enerji Həftəsi»nin iştirakçılarına müraciətində belə bir əminliyi ifadə etmişdir ki, bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə