Azərbaycan Federasiyanın illik ümumi yığıncağında təmsil olunub - FOTO

Auditorlar Palatasının sədri Vahid Novruzov, Palatanın Şurası yanında Beynəlxalq Audit Standartları üzrə komitənin sədr müavini Səftər Vəlizadə Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) tərəfindən Belçikanın Brüssel şəhərində EFAA-nın fəaliyyətə başlamasının 30 illiyinə həsr edilmiş yubiley tədbirində, habelə “Kiçik və orta ölçülü auditor təşkilatlarının gələcək illər üçün hazırlanması” mövzusunda beynəlxalq konfransında və 2024-cü il üzrə EFAA-nın illik ümumi yığıncağında iştirak ediblər. Auditorlar Palatasından SİA-ya verilən məlumata görə, beynəlxalq konfransda kiçik və orta mühasibatlıq və auditor şirkətlərinin qarşısında duran problemlər, imkanlar, EFAA-nın son 30 ildə onlara verdiyi töhfələr, mühasibat uçotu və auditdə süni intellektin tətbiqi məsələləri, vergi mühasibinin gələcək illərdə rolu, dayanıqlı inkişaf şəraitində hesabatlılıq, kiçik və orta müəssisələrdə auditin aparılmasına yeni yanaşmalar, dayanıqlı inkişaf sahəsində mühasibat uçotu, audit və məsləhət xidmətlərinin göstərilməsi və digər mövzularda müzakirələr və fikir mübadiləsi aparılıb.

Tədbir müddətində göstərilən problemlər üzrə materiallar əldə edilmiş və onların ölkəmizdə tətbiqi istiqamətində müvafiq işlərin həyata keçirilməsi Auditorlar Palatası tərəfindən nəzərdə tutulub.

Tədbiri iştirakçılarına Azərbaycanda keçiriləcək COP29-a hazırlıq, eyni zamanda Auditorlar Palatası tərəfindən cari ilin 16-17 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulmuş “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransın əhəmiyyəti barədə geniş məlumat verilib.

Bir sıra ölkələrin nümayəndələri keçiriləcək beynəlxalq konfransda iştiraklarının təmin edilməsini xahiş ediblər.

Qeyd edək ki, Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) 1994-cü ildə yaradılaraq Avropa İttifaqında və bütövlükdə Avropada kiçik və orta ölçülü müəssisələrə peşəkar xidmət göstərən fərdi üzvləri olan milli mühasib və auditor təşkilatlarını özündə birləşdirən vahid təşkilatdır. EFAA-nın Avropa üzrə 380 mindən çox mühasib və auditorun təmsil olunduğu 15 üzvü var. Auditorlar Palatası 2003-cü ildən bu qurumun tamhüquqlu üzvüdür. Həmin dövrdən etibarən hər iki qurum arasında auditor xidmətinin təşkili, tənzimlənməsi, inkişafı və onun keyfiyyətinin yüksəldilməsi məqsədilə sıx əməkdaşlıq əlaqələri, dostluq, etimad və qarşılıqlı anlaşma münasibətləri yaradılıb. Hər iki qurumun təşkil etdiyi tədbirlərdə nümayəndə heyətləri mütəmadi olaraq iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə