“Qiymətlər arasında uyğunsuzluq çoxdur” - RƏYLƏR

Gündəlik 30 mindən çox sərnişinin vağzala rahat və maneəsiz daxil olması üçün Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (“28 May” metro stansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi təşkil edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova SİA-ya məlumat verib ki, Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (“28 May” metro stansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi vağzala gələn sərnişinlərin qarşılanma və yola salınma zonası kimi fəaliyyət göstərəcək: “Sözügedən ərazi sərşinlərin qarşılanması və yola salınması zonası olduğu üçün avtomobillərin ilk 15 dəqiqə ərzində ödənişsiz park edilməsinə şərait yaradılıb. "Dəmiryolundan istifadə edənlərin vağzal ərazisinə avtomobillə giriş və çıxışını, o cümlədən sərnişin məmnuniyyətini təmin etmək baxımından 15 dəqiqə ödənişsiz vaxt müddəti təyin edilib."

Qarşılanma və yola salınma zonasının 72 avtomobili parkinq etmək tutumu var. Bu baxımdan ərazi ilk növbədə qatarlardan istifadə edən sərnişinlərin vağzal ərazisinə rahat daxil olması üçün nəzərdə tutulub. 15 dəqiqədən artıq digər məqsədlərlə ərazidə avtomobil saxlamaq istəyənlər müəyyən edilən tariflərə uyğun avtomobillərini parkinq edə bilərlər.

Eyni zamanda sözügedən zonada avtomobillərin sutkalıq və ya daimi saxlanılması arzuedilən deyil, çünki uzunmüddətli parklama ərazinin əsas təyinatı olan sərnişinlərinin rahat gəlib gedişinə maneə törədir.

"Nəzərə alsaq ki, ADY-na məxsus qatarlardan gündəlik olaraq 30 mindən çox sərnişin istifadə edir ilk növbədə sərnişinlərimizin Bakı Dəmiryol Vağzalının xidmətlərindən rahat istifadə etmələri və parkinq ərazisinə manesiz daxil olmaları üçün şərait yaradılacaq."

Tariflərin yüksək olmasına gəlincə bu zonanın təyinatı ilk növbədə sərnişinlərin vağzal ərazisinə rahat daxil olmaları və çıxışını təmin etməkdir. Ərazidə uzunmüddətli maşın saxlamaq istəyənlər vağzal ətrafında uyğun qiymətlərlə fəaliyyət göstərən "Azparkinq" yerüstü və yeraltı dayanacaqları xidmətlərindən istifadə edə bilərlər”.

Nəqliyyat eksperti Aslan Əsədov da mövzu ilə bağlı fikir bildirib: “Tətbiq olunan yeni parklanma qaydaları ilə bağlı bildirilir ki, həmin ərazilərdə yalnız sərnişinlərin düşüb-minməsi üçün şərait yaradılacaq. Bura elə bir strateji ərazidir ki, orada parklanma mütləqdir. Həcminə görə çox kiçik ərazidir. Lakin ərazidə tətbiq olunan parklanma qiymətləri heç ürəkaçan deyil. Xüsusilə də parklanma müddətinin 1 saatadək 2 manat, əlavə müddətin isə 4 manat, sutkalıq qiymətin isə 30 manat olması doğru deyil. Elə həmin şəxs 30 manatı yanacağına sərf etsə, çatacağı ünvana öz avtomobili ilə gedər. Çox güman ki, qiymətlər müəyyənləşdirilərkən bu kimi məsələlər araşdırılmayıb. Qiymətlər arasında uyğunsuzluq çoxdur. Düşünmürəm ki, bu tarif uzun müddət davam edəcək”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə