“Dollara tələbin artması davam edir“ - İQTİSADÇI-EKSPERT DANIŞDI
“Son dövrlər dollara tələbin artması müşahidə olunur. Bu isə iqtisadi baxımdan idxalın yüksəlməsi, eyni zamanda psixoloji olaraq tələbin artması ilə bağlıdır. Çünki biz bazarda psixoloji olaraq tələbin yüksəlməsini də müşahidə edirik”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Deputat bildirib ki, son 3 hərracda 300 milyon dollardan artıq satış olub: “Bu isə ondan xəbər verir ki, dollara tələbin artması davam edir. Digər mühüm məqam isə qonşu ölkələrdə milli valyutaların məzənnəsinin dəyişməsinin psixoloji tərəfləridir. Çünki region ölkələrində milli valyutaların dəyər itirməsini müşahidə etdik. Bu da nəticə etibarilə birbaşa valyuta məzənnəsinə təsirlər göstərir.
Valyuta məzənnəsinin necə dəyişməsi isə Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Çünki Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün milli valyutanın kursu birbaşa Mərkəzi Bankın mövqeyi ilə bağlıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB