Türkiyə və Səudiyyə Ərəbistanı kənd təsərrüfatı ilə bağlı müqavilə imzaladı

Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyindən verilən məlumata görə ...

Türkiyə və Səudiyyə Ərəbistanı kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyə kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı sosial media hesabında mövzu ilə bağlı paylaşımında Səudiyyə Ərəbistanının ətraf mühit, su və kənd təsərrüfatı naziri Əbdülrəhman əl-Fadhli ilə nümayəndə heyətləri arasında keçirilən görüşdə “Kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” anlaşma memorandumunun imzalandığını bildirib.

Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyindən verilən məlumatda da deyilir: “Sözügedən anlaşma memorandumu kənd təsərrüfatı sektorunun iqlim dəyişikliyinə uyğunlaşmasının təmin edilməsi, kənd təsərrüfatı sahəsində, xüsusilə iqlim dəyişikliyi ilə bağlı texnologiyaları inkişaf etdirmək, məhsul yığımından sonrakı texnika, kənd təsərrüfatı məhsulları emalı, heyvandarlıq, bitkiçilik, bitki, toxum və baytarlıq sertifikatlarının verilməsini əhatə edir. Bura həm də bitki və heyvan sağlığı məsələləri, kənd təsərrüfatı məhsullarının davamlı təchizatının təminatı, biotexnologiya, ekoloji təmiz kənd təsərrüfatı, balıqçılıq, akvakultura, kənd təsərrüfatında keyfiyyət siyasətinin inkişafı, su idarəetməsi üzrə əməkdaşlıq, kənd təsərrüfatı fəaliyyətləri nəticəsində suyun çirklənməsinin monitorinqi və kənd təsərrüfatı sektorunda suyun səmərəli istifadəsi daxildir.

Eyni zamanda, razılaşma memorandumunda qeyd olunan sahələr üzrə əməkdaşlığın artırılması və inkişafı üçün zəruri prosedur və tədbirlərlə bağlı məsləhətləşmələr aparmaq üçün Türkiyə və Səudiyyə Ərəbistanı işçi qrupunun yaradılması və bu qrupun zərurət yarandıqda növbə ilə hər iki ölkədə görüşlər keçirməsi nəzərdə tutulur”.

Bütün xəbərlər Facebook səhifəmizdə