Düyünün qiyməti necə müəyyənləşəcək? - İQTİSADÇI-EKSPERT AÇIQLADI
“Artıq bir müddətdir ki, Hindistan düyü ixracatını məhdudlaşdırıb. Təbii ki, Azərbaycan mütəmadi olaraq atdığı addımlar ilə digər ölkələrdə ixracatın məhdudlaşdırılması ilə bağlı qərarların istehlak bazarında təsirlərini minimumlaşdırmağa çalışır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, digər bazarlardan düyü idxalının həyata keçirilməsi sözsüz ki, əsas prioritetlərdən biridir: “Təbii ki, bu istiqamətdə də fəaliyyətlər davam etdirilir. Daha çox diversifikasiya bütövlükdə dünya bazarında baş verənlərin Azərbaycan istehlak bazarına təsirlərini minimumlaşdıra bilir. Hələlik düyünün qiyməti idxal olunan məhsulların xərcinə uyğun olaraq müəyyənləşəcək. Nəzərə alsaq ki, Azərbaycan düyüyə olan tələbatın əsas hissəsini idxal hesabına ödəyir, buna görə də növbəti dövrlərdə idxal olunan düyünün xərci birbaşa qiymətə təsir göstərən faktor olaraq qalacaq.
Amma Azərbaycan hökuməti və Nazirlər Kabineti çalışır ki, digər mənbələrdən düyü idxalını stimullaşdıraraq, istehlak bazarında düyüyə olan tələbatın ödənilməsində çətinliklər olmasın. Eyni zamanda qiymətlərin optimallığının da qorunub saxlanması mümkün olsun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB