Avtomobillər bahalaşacaq? - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Avtomobillərin utilizasiyası ilə bağlı hər hansı bir qiymət artımından danışarkən qeyd etmək lazımdır ki, Dövlət Gömrük Komitəsində qanunvericiliyə əlavə və dəyişiklikləri özündə ehtiva edəcək yeni qanun layihəsinə əsasən bu, birdəfəlik ödəmə sayılacaq. Hüquqi və fiziki şəxs olmasından asılı olmayaraq hər bir sahibkar bu utilizasiya haqqını avtomobilin dəyəri üzərinə əlavə edəcəklər”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, bu da birbaşa istehlakçının məsuliyyətindədir: “Bundan istifadə edərək qiymət artımı etmək istəyən istənilən halda bunu edəcəkdir. Amma daha vacibi odur ki, Dövlət Gömrük Komitəsi utilizasiya haqqına hansı məbləği əlavə edəcəkdir. Bu məbləğ dörddən az yaşı olan avtomobillərin məbləğinə nə qədər ekvivalent olacaq. Əgər az bir məbləğdə ekvivalent olacaqsa, bir o qədər qiymət artımı olmayacaq. Əks təqdirdə qiymət artımını müşahidə edəcəyik”.

Ekspert sözlərinə davam edərək bildirib ki, ən yaxşı hal utilizasiya haqqına hər hansı məbləğ əlavə edilənə qədər avtomobillərin rəsmiləşdirilməsində dövlət rüsumlarının təyinini nəzərə almaq lazımdır: “Çünki MDB və digər qonşu ölkələrə nisbətən bizdə avtomobillərin idxalı zamanı rəsmiləşdirmə kifayət qədər fərqli qiymətdədir. Ona görə eyni model avtomobillər digər ölkələrə nisbətən Azərbaycanda bahadır. Bu nöqteyi-nəzərdən daha çevik və müasir avtomobillərin ekoloji cəhətdən də gətirilmə mexanizmləri işlənilsə istehlakçılar tərəfindən daha cəlbedici olar, nəinki qiymət artımına səbəb olacaq addımların atılması”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə