Kənd təsərrüfatında sığortanın əhəmiyyəti nədən ibarətdir? - QURUM RƏSMİSİ DANIŞDI
“Sığortanın müsbət tərəflərindən çox danışmaq olar. Əlbəttə ki, sığortanın yaxşı tərəfi ödənişlərin vaxtında verilməsidir. 2023-cü ilin əvvəlindən bugünə qədər ölkədə 300 min hektardan biraz çox əkin əraziləri sığortalanıb. Bu da özlüyündə 35 min sığorta müqaviləsi ehtiva edir”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.
Onun sözlərinə görə, 35 min sığorta müqaviləsi isə 6-7 min fermeri əhatə edir: “Bildiyiniz kimi, aprel-may aylarında havanın qeyri-sabit keçməsi nəticəsində ölkə ərazisində irimiqyaslı zərərlər oldu. Sel, qasırğa, dolu kimi təbii fəlakətlər oldu. Nəticədə fermerlər tərəfindən bizə edilən müraciətlərin sayı 600-ü keçib. Bu müraciətlər üzərindən ilkin təhlillər onu deməyə əsas verir ki, 6000-ə yaxın müqavilədə zərər var, yəni sığorta hadisəsi baş verib”.
Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, zərərlər qarşısında ilkin qiymətləndirmə onu deməyə əsas verir ki, bu müqavilə qarşılığında artıq 85 milyon manatlıq istehsal olunan bitkiçilik məhsullarına zərər dəyib: “Sığortanın vacibliyi bu yerdə hiss olunur. Fərz edək ki, bu 85 milyon manatın 10-20% həcmində ödənişlər edildiyi təqdirdə 16 milyon manat sığorta ödənişinin edilməsi nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, biz cəmi 300 min hektar sığortalamışıq və bu ərazi ölkənin əkinəyararlı ərazilərinin 20%-dir. Bu, sığortanın könüllü olması səbəbindəndir. İnsanlar bu xidmətlərdən faydalanmaqla təhlükəsiz investisiya mühitində öz fəaliyyətlərinin davam etdirilməsini təmin edə bilərlər. Dövlət onlar üçün belə bir şərait yaradıb. Fermerlər də özlərini qorumaq üçün bu şəraitdən istifadə etməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB