"Laçın iqtisadi baxımdan geniş imkanlara malikdir" - İQTİSADÇI ŞƏRH ETDİ

"Bildiyiniz kimi, ölkə başçısı tərəfindən 2026-cı ilə qədər Böyük Qayıdış proqramı qəbul olunub. Bu proqramın ilkin göstəriciləridir ki, Laçına artıq köç başlayıb. 2026-cı ilə qədər 10 minə yaxın insan öz dədə-baba torpaqlarına qayıtmalıdır. Bu baxımdan ötən gün Laçına edilən köç bu layihənin addımlarıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, gələcəkdə əlbəttə ki, işğaldan azad olunan bölgələrimizin, əsasən də Laçın rayonunun iqtisadiyyata, eyni zamanda ölkənin digər bölgələrinə inteqrasiya olunması mühüm əhəmiyyət kəsb edəcək: "Bir müddət sonra biz daha çox ailənin Qarabağ bölgəsinə köçünün şahidi olacağıq. Bu il dövlət büdcəsindən də işğaldan azad olunmuş ərazilərin bərpasına əlavə vəsait ayrıldı. 2023-cü il də daxil olmaqla indiyədək bu ərazilərin bərpasına 15 milyarda yaxın vəsait xərclənib. Bu da onu deməyə əsas verir ki, tezliklə həmin bölgələrdə quruculuq-abadlıq işləri daha da sürətlənəcək, yeni iş yerləri, müxtəlif müəssisələr fəaliyyətə başlayacaq. Eyni zamanda, o bölgələrdə biznes fəaliyyəti göstərəcək sahibkarlara böyük güzəştlər tətbiq edilir".

İqtisadçı sözlərinə davam edərək bildirib ki, onlar üçün həm vergi güzəştləri tətbiq edilir, həm də stimullaşdırıcı tədbirlər həyata keçirilir: "Bunları nəzərə alaraq deyə bilərik ki, yaxın zamanda Qarabağın ölkə iqtisadiyyatına reinteqrasiyasını, yeni töhfələr verməsini müşahidə edəcəyik. Bildiyiniz kimi, Laçın rayonunun geniş iqtisadi potensialı var. Həm turizm sektorunda, həm kənd təsərrüfatı sahələrində geniş imkanlara malikdir. Hesab edirəm ki, artıq vətəndaşlarımız öz doğma yurdlarına daha həvəslə qayıdacaq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə