ƏDV-nin geri alınması hansı mənzillərə şamil olunur? - ARAŞDIRMA

ƏDV-nin təsisçisi Fransa iqtisadiyyat, maliyyə və sənaye nazirliyinin direktoru Moris Loret hesab olunur. Avropa ölkələrində bu verginin təsiri 1900-cü illərdən başlayır. Müsbət testlərdən sonra layihə vergisi effektiv hesab edilir və 4 ildən sonra rəsmi olaraq vergi sisteminə daxil edilir.

ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyri-yaşayış sahəsinə aid olan əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur. Müasir dövrdə əmlak satışı banklar vasitəsilə həyata keçirilir. Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürülür. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsi ona geri qaytarılmış olur.

Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin qaytarılması ilə bağlı elektron qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin olunması üçün portal istifadəyə verilib.

Bəs yeni tikilmiş binalardan mənzil alarkən ƏDV-nin qaytarılması həyata keçirilirmi?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir. Burada fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal da yaradılıb. Qeyd edək ki, portal 2022-ci il 21 noyabrdan istifadəyə verilib.

Onu da bildirək ki, ƏDV bir hissəsi alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır.

Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, “VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc: "Vətəndaş kabinetə müraciət edir və bu müraciətə 10 gün ərzində baxılır, nəsə səhv olacaqsa geri göndərilir, səhvlər düzəldilir və 5 gün ərzində cavab verilir. Bundan sonra müvafiq alqı-satqı olubsa o bank məsələyə müdaxilə edir. Həmin bank vasitəsilə ƏDV geri qaytarılır. Burada tam həmin faizdən söhbət getmir, çünki 0,1 faiz bank xərcləri də çıxır və yerdə qalan məbləğ vətəndaşın hesabına köçürülür".

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə