"Azərbaycan beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib"
"Azərbaycan dövləti yürütdüyü uğurlu xarici siyasət kursu nəticəsində bu gün həm Şərqin, həm də Qərbin timsalında mühüm iqtisadi, siyasi tərəfdaşa çevrilib. Elə bu ilin əvvəlində fərqli platformalarda uğurla təmsil olunması, özünün iqtisadi layihələri ilə qlobal əməkdaşlıq mühiti formalaşdırmağa çalışması Azərbaycanın beynəlxalq nüfuzunu bir daha ortaya qoyur.
Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq həftəsinə həsr edilən tədbirdəki çıxışı, ardından Davos Qlobal İqtisadi Forumunda keçirdiyi mühüm görüşlər bunun əyani təzahürüdür". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin fikrincə, ölkəmiz qlobal iqtisadi-siyasi proseslərin fəal iştirakçısı kimi 2023-cü illə bağlı mühüm hədəflər müəyyənləşdirib. Bu hədəflər isə çoxvektorludur. Məsələn, Çinlə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət daşıyır. Ə.Kazımova Prezident İlham Əliyevin 2023-cü ilin yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsinə diqqət çəkərək vurğulayıb ki, iki ölkə arasında etibarlı, etimad mühitinə əsaslanan münasibətlər mövcuddur. O qeyd edib ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırması qarşılıqlı hörmətin rəmzidir. "Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Nəzərə almaq lazımdır ki, Çin dünya iqtisadiyyatının mühüm hissəsidir. Bu mənada, rəsmi Pekinin Azərbaycanla tərfdaşlıqda maraqlı olması, iqtisadi əlaqələrin artmasında maraqlı olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəklədiyini bildirib və nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurub. Eyni zamanda, perspektivdə əməkdaşlığın şaxələndirilməsi də müzakirə predmet ola bilər. Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir", - deyən partiya sədri bildirib ki, Azərbaycanın investisiya mühiti olduqca əlverişlidir və həm xarici, həm də yerli investisiyalar lazımi şəkildə qorunur. Ölkəmizə qoyulan sərmayələrin şaxələndirilməsi ilə bağlı addımların atılması prioritetlərimizdəndir. Başqa sözlə, qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar Azərbaycan üçün olduqca əhəmiyyətlidir: "Azərbaycan bir sıra qlobal layihələrin fəal iştirakçısıdır. Məsələn, ölkəmiz ilk günlərdən çox böyük coğrafiyanı əhatə edən "Bir kəmər, bir yol” təşəbbüsünə fəal şəkildə qoşuldu. Ölkəmizin nəqliyyat seqmenti genişləndirildi. Hətta Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Ələt ticarət limanının yükaşırma qabiliyyəti 15 milyon tondur və Azərbaycan dövləti onu 25 milyon tona qədər artırmağı planlaşdırır. Eyni zamanda, yaradılan dəmir yolu infrastrukturuna geniş investisiya yatırılıb. Beləliklə, Azərbaycan beynəlxalq logistik və nəqliyyat mərkəzinə çevrilib. Avtomagistrallar və hava limanları kimi layihələr də reallaşdırılır. Prezident İlham Əliyev müsahibəsində də bildirdi ki, Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Tranzit nəqliyyat layihələrinin inkişafı iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığın azalması deməkdir. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB