Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bu yaxınlarda dərc edilmiş yenilənmiş məlumatlarına əsasən, ötən ilin noyabr-dekabr aylarında bitki yağlarının, dənli bitkilərin, ətin və bir sıra digər ərzaq məhsullarının qiymətlərində davamlı azalma tendensiyası müşahidə olunub. Buna baxmayaraq, ərzaq məhsulları inflyasiyasının səviyyəsi hələ də kifayət qədər yüksəkdir və bu mənfi hal dünyanın bir çox ölkələrində hələ də hiss olunur.
Etiraf edək ki, ərzaq qiymətlərinin yüksək olması əksər postsovet ölkələrində, o cümlədən Azərbaycanda bir nömrəli problem olaraq qalmaqdadır. Dəfələrlə qeyd olunub ki, inflyasiyaya, qiymət artımına təsir edən səbəblərdən başlıcası idxal inflyasiyasıdır, yəni xarici amillərin təsiri ilə bahalaşma müşahidə olunur. Təəssüf ki, qiymətərin artımına qlobal inflyasiya faktoru ilə yanaşı, bir sıra yerli faktorlar da öz təsirini göstərməkdədir. Sözsüz ki, kənd təsərrüfatı məhsullarının şəhərlərə çatdırılması üçün səmərəsiz logistika belə mənfi təsirlərlə hər zaman yadda qalan olur.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yeni sorğusunda qeyd olunduğu kimi, ötən ilin mart ayından etibarən dünya üzrə ərzaq məhsullarının qiymətlərində cüzi azalma tendensiyası 2022-ci ilin dekabrında daha da güclənib. 2022-ci ildə ərzaq məhsullarının qiymətləri 2021-ci illə müqayisədə 14,3% artıb ki, bu da bir il əvvəlki qiymətindən 1% aşağıdır. Bununla belə, BMT-nin profil strukturuna əsasən, ötən ay ərzaq qiymətləri indeksi 132,4 bənd təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə artıq 1,9% aşağıdır. Bu tendensiya bitki yağlarının dünya qiymətlərinin kəskin ucuzlaşması, həmçinin dənli bitkilərin, mal əti və quş ətinin bir qədər ucuzlaşması ilə əlaqədar olub. Qiymət indeksində ən çox azalma bitki yağlarında müşahidə olunub. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ekspertlərinin fikrincə, buna palma, soya, kolza və günəbaxan yağlarının dünya kotirovkalarının aşağı düşməsi, habelə noyabr-dekabr aylarında müşahidə olunan xam neftin qiymətinin azalması kömək edib.
Ərzaq təhlükəsizliyi üçün qlobal risklər hələ də kifayət qədər yüksəkdir. Xatırlatmaq yerinə düşərdi ki, ötən ilin sonundan dünya bazarında düyü, qarğıdalı, donuz əti, qoyun əti və süd məhsullarının qiymətləri bahalaşmaqda davam edir. Ümumiyyətlə, əsas ərzaq məhsullarının qiymətləri hələ də gözlənildiyindən belə çox yüksək səviyyədə qalmaqdadır. Yenə də xarici amillərin təsirini nəzərə almamaq mümkün deyil. Dünyada baş verən proseslər öz təsirini göstərməyə bilməz. Xüsusilə diqqətə çatdıraq ki, geosiyasi münaqişələr səbəbindən 2023-cü ildə ərzaq tədarükünün logistikasında qeyri-müəyyənlik hələ də hökm sürür.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ötən il dərc olunmuş çoxsaylı proqnozlarına görə, azot və fosfat gübrələrinin yüksək qiymətləri, keçən ilki taxıl məhsullarının tədarükündə uğursuzluq, habelə Ukrayna və Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı çətinlikləri 2023-cü ildə taxıl və digər məhsulların qiymətlərinin yüksək olacağı riskini bir qədər də artırır. Çörək və digər un məmulatları ilə yanaşı, heyvan və quş əti üçün yemin də baha olması yumurtanın, ət və süd məhsullarının bahalaşmasına əsaslı zəmin yaradır. Bütün bunlar, ilk növbədə, ərzaq bazarının şaxələndirilməməsi, kənd təsərrüfatı sənayesində kifayət qədər emal gücü olmayan və idxalı əvəzləmə səviyyəsinin aşağı səviyyədə olduğu az inkişaf etmiş ölkələr üçün riskləri daha da artırır. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və BMT-nin digər ixtisaslaşmış qurumlarının məlumatına görə, ümumilikdə 2019-cu ildən etibarən pandemiyadan əvvəl dünyada ac insanların sayı 150 milyon nəfər artaraq 830 milyonu keçib.
Ərzaq təhlükəsizliyinin səviyyəsi baxımından Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ekspertləri Azərbaycanı nisbətən çiçəklənən, postsovet regionunda yüksək mövqe tutan ölkə kimi təsnif edirlər. Müstəqilliyin üç onilliyi ərzində respublikada kifayət qədər inkişaf etmiş aqrar-sənaye kompleksi formalaşıb və təxminən on il bundan əvvəl həmin təşkilar ölkəmizi aclığın ən aşağı səviyyəsi olan dövlətlər siyahısına daxil edib. BMT strukturunun hesablamalarına görə, 2013-cü ilədək Azərbaycanda heyvandarlıq və quşçuluq sahəsində idxalı əvəzləmə səviyyəsi 92 faizə, meyvə-tərəvəz, bostan və toyuq istehsalı isə hətta yüz faizə yaxınlaşıb. Yerli aqroparkların və iri fermer təsərrüfatlarının kütləvi əmtəə istehsalının yaradılması hesabına son illərdə aqrar idxalı əvəzləmənin orta göstəricisi sabit olaraq 70-80 faiz səviyyəsində qeydə alınıb.
Bununla belə, iki ilə yaxın davam edən qlobal ərzaq böhranı Azərbaycanın ərzaq təhlükəsizliyində bir sıra əhəmiyyətli boşluqları üzə çıxarıb. Respublika hələ də yağlı bitkilərin və taxıl bitgilərinin, ilk növbədə, ərzaq buğdasının idxalından böyük dərəcədə asılılıq var. Hələ də xarici idxal hesabına qarşılanma göz önündədir. Kərə yağı, sərt pendirlər, bəzi digər növ süd məhsulları, dəniz məhsulları və tropik meyvələrə olan daxili tələbatın da əsas hissəsini idxal təmin edir. Bu isə bahalaşmaya təsirsiz ötüşə bilməz.
Nəhayət, yerli emal və qida müəssisələri, quşçuluq təsərrüfatları xaricdən olan yem tədarükündən, yem əlavələrindən, vitamin məhsullarından, mal-qara üçün peyvəndlərdən, həmçinin xüsusi qablaşdırma, komponentlər, xüsusi avadanlıqlar, gübrələr və pestisidlərin idxalından çox asılıdır. Məhsul istehsalında asılılıqlar təsirsiz ötüşə də bilməz. Aydındır ki, bütün yuxarıda qeyd olunanlar üzrə idxal inflyasiyası faktoru təkcə idxal olunan ərzaq məhsullarının bahalaşmasına çox mənfi təsir göstərib, həm də yerli istehsalçıların xaricdən xammal və komponentlər almaq xərclərini artırıb.
2023-cü il üçün büdcə proqnozunda hökumət orta illik inflyasiyanı 6,9%, yəni ötən illə müqayisədə yarıbayarı qiymətləndirir. Bununla belə, AMB-nin son monitorinqinə əsasən, Azərbaycanda ev təsərrüfatlarının 81,9%-i yeni ildə daha da inflyasiya artımını gözləyir. Oxşar rəy bir çox ticarət və xidmət subyektləri tərəfindən ifadə edilir. “Beynəlxalq ekspertlərin fikrincə, yalnız 2024-cü ildə bir çox ölkələrdə inflyasiya səviyyəsi tənzimləyicilərin proqnozlaşdırdığı dəhlizə qayıdacaq. Dünyada mövcud geosiyasi vəziyyət yüksək qeyri-müəyyənliklə xarakterizə olunur ki, bu da inflyasiya səviyyəsinin proqnoz dəhlizlərindən yüksək olacağı riskini özündə saxlayır”, deyə AMB-nin son bəyanatında bildirilir.
Orta illik inflyasiyanın dövlət büdcəsinin proqnoz parametrlərinə uyğun olub-olmaması yalnız cari ilin ikinci yarısında bəlli olacaq, lakin çox güman ki, respublikanın ərzaq seqmentində növbəti qiymət artımının qarşısını almaq mümkün olmayacaq. O cümlədən, ötən ilin dekabrında və bu ilin yanvar ayının birinci ongünlüyündə mal ətinin də qiyməti bahalaşıb, qoyun ətinin də. Meyvə-tərəvəzin qiymətində də artım müşahidə olunmaqdadır. Daha çox istifadə olunan, istehlak olunan kartofun belə qiymətində nəzərəçarpacaq fərq diqqətdən yayınmır. Dənli bitgilərin də qiymətlərində artım var. Yağların qiymətlərində əhəmiyyətli dərəcədə artım nəzərə çarpır.
Dəfələrlə qeyd olunub ki, idxal inflyasiyası yerli bazarda qiymət artımına təsir edən neqativ amildir. Bununla belə diqqətə çatdıraq ki, bu təsir yeganə neqativ amil deyil. Beləki, bir çox hallarda bəzi sahibkarlar və satıcılar qlobal qiymət artımından sui istifadə edərək bazar qiymətlərini süni şəkildə şişirdirlər. Bu cür halların qarşısının alınmasının zəruriliyi dəfələrlə ən yüksək səviyyədə səsləndirilib. Bir sözlə, süni qiymət artımının qarşısı alınmadığı təqdirdə belə hallar da qiymət artımına əməlli-başlı təsir edə bilər. Süni qiymət artımının qarşısı birmənalı şəkildə alınmalıdır, əks halda qiymətlərin tənzimlənməsi barədə danışmağa da dəyməz.
Heç şübhəsiz ki, bazar iqtisadiyyatı şəraitində qiymətlərin aşağı salınması üçün mövcud reallıqlardan istifadə etmək gərəkir. Dəfələrlə qeyd olunub ki, qiymət məsələsi bazarın təklif, yaxud tələb bazarı olmasından asılıdır. Beləki, bazarda məhsul, yəni təklif olunan mallar tələbi üstələdiyi zaman, buna təklif bazarı deyirlər və bu zaman qiymətlər aşağı olur. Əksinə, tələb təklifi üstələdiyi halda, buna tələb bazarı deyilir və bu zaman qiymət artımı qaçılmaz olur. Elə bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, qiymətlərin aşağı salınması üçün birinci növbədə məhsul bolluğu, yəni təklifin daha çox olması məqamına üstünlük vermək gərəkir. Yəni, qiymətin aşağı salınması üçün ilk növbədə bazar üsulları ilə buna təsir göstərmək, bir sözlə, təklifi artırmaq lazımdır. Bu məqsədlə Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Artıq 2023-cü il dövlət büdcəsi xərclərinin strukturunda kənd təsərrüfatına investisiyalar 1 milyard 202 milyon manat təşkil edəcək ki, bu da ötən illə müqayisədə 20,5 faiz çoxdur. Çox sevindirici haldır ki, bu istiqamətdə bir sıra proqramlar həyata keçirilir. Artıq taxılçılıq sektorunda, o cümlədən Qarabağ bölgəsində kənd təsərrüfatının inkişafı hesabına məhsuldarlığın artırılmasına başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB