Sahibkarlığın inkişafı üçün AZƏRBAYCAN ƏN ÇOX İSLAHAT APARAN ÖLKƏLƏRDƏNDİR – TƏHLİL
Azərbaycan xalqının təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra müstəqilliyini yenidən bərpa edən ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olundu, iqtisadi inkişafın lokomotivi olan sahibkarlar sinfinin formalaşması üçün real hüquqi baza yaradıldı, özəl sektora dövlət tərəfindən hərtərəfli dəstək göstərilməsi tədbirlərinin həyata keçirilməsinə başlanıldı. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”, deyən Ulu Öndər Heydər Əliyevin ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu diqqətə çatdırması yaddaşlardan silinən deyil və bu gün həmin straeji yol cənab Prezindent İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan da kiçik və orta sahibkarlığın inkişafının iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilməsi heç də təsadüfi hesab olunmur.
Təsadüfi deyil ki, Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən sayılır. Ona görə ölkəmiz ən çox islahatlar aparan ölkələrdən sayılır ki, post-neft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökümətimiz sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində çox vacib, mühüm işlər görülüb və bu işlər uğurla davam etdirilməkdədir. Sözsüz ki, bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin, iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Elə bu reallığı nəzərə alan ölkə Prezidenti cənab İlham Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə daim əlverişli şərait yaradır. "Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin, maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”, deyə cənab Prezident İlham Əliyev yerli sahibkarlara müraciət edərkən öz çıxışlarında bildirib və bu da onu göstərir ki, sahibkarlığın inkişafına güclü təkan verən məhz Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlara geniş yer verilir. Ölkə başçımızın rəhbərliyi ilə fasiləsiz şəkildə aparılan islahatlar bu gün də uğurla davam etdirilir və sahibkarlığın daha da inkişaf etdiriləcəyinə ümidləri bir qədər də artırır.
Sayca 3-cü olan “Bakı KOB evi”nin açılışı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışda iştirakı sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində islahatların uğurla davam etdirildiyinin və sahibkarlığa dövlətin, dövlət başçısının ayırdığı diqqətin təzahürüdür. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun paytaxtın Nərimanov rayonunda yerləşən “Bakı KOB evi” barədə dövlətimizin başçısına verdiyi məlumatlar təsdiq edir ki, həqiqətən də sahibkarlar üçün dövlətimiz çox əlverişli şərait yaradır və onların fəaliyyətinə xüsusi diqqət və qayğı ilə yanaşır.
Ölkə başçısına verilən məlumatlarda qeyd olunur ki, sayca 3-cü olan “Bakı KOB evi”nin ümumi sahəsi 11 min 262 kvadratmetrdir və bu üçmərtəbəli binanın ilk iki mərtəbəsi sahibkarlara xidmət göstərilməsi üçün, üçüncü mərtəbəsi isə işçi heyəti üçün nəzərdə tutulub. Elə yaradılan bu şərait məhz gün ərzində beş min sahibkara xidmət göstərmək potensialının olmasından xəbər verir. Üstəlik, binada yaradılmış görüş, təlim, startap, mediasiya otaqları və konfrans zalının da sahibkarların xidmətində olacağı diqqət çəkən məqamlardır. Bu məqamlar öz növbəsində sahibkarlara xidmətin daha üstün və müasir səviyyədə göstəriləcəyinə əminliyi daha da artırır.
Həmçinin qeyd olunur ki, “Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlər göstəriləcək. Bildirilir ki, sahibkarlar fəaliyyət üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes-planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulma, bank, sığorta və digər məsələlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər. Bununla yanaşı, “Bakı KOB evi”ndə yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər də təqdim ediləcək. Deməli, bütün bunlar təsdiq edir ki, sahibkarlar üçün geniş spektrdə xidmət nəzərdə tutulub və bu, onlara olan qayğının, sahibkarlıq fəaliyyətinə olan dəstəyin bariz nümunəsi olaraq qəbul edilir.
Xatırladaq ki, KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkandır. Bu elə bir məkandır ki, burada xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Deməli, bu məkanlar sahibkarların vaxtına qənaət edilməsi, məsələlərinin daha sürətlə, az xərclə, özü də şəffaflıq və rahatlıqlar nəzərə alınaraq həllini tapmasını üçün əvəzsizdir. Daha dəqiq desək, biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir, hansı ki, sahibkarlar tərəfindən bu məqamlar olduqca yüksək qiymətləndirilir. Başqa cür qiymətləndirilməsi mümkün də deyil, çünki sahibkarlar başa düşürlər ki, yaradılan şərait onlar üçündür və fəaliyyətlərinin daha asan, daha şəffaf, daha uğurlu olmasını təmin edir. Əbəs yerə deyil ki, sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98 faizdir.
Bilirik ki, özəl sektorun inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlərin davamı olaraq, Azərbaycan Prezidentinin 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb. Yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), özəl sektorun daha sürətli inkişafı məqsədi ilə yaradılıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkarlığın, xüsusilə kiçik və orta biznesin rolunun artırılması cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir və birbaşa ölkə başçısının diqqət və qayğısı ilə davamlı olaraq əhatə olunubdur.
Qeyd olunduğu kimi KOBİA tərəfindən sahibkarlara müxtəlif xidmətlər göstərilir. Bu xidmətlərə eyni zamanda, informasiya, məsləhət, təlim-tədris, maraqların müdafiəsi, bazarlara və maliyyə resurslarına çıxışın yaxşılaşdırılması, dövlət və özəl qurumlarla əlaqələndirmə və digər istiqamətlərdə dəstək və xidmətlər də aiddir. KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən geniş infrastruktur şəbəkəsi, yəni, KOB dostları, KOB inkişaf mərkəzləri və KOB evləri vasitəsilə bu dəstək və xidmətlər reallaşdırılır. Xüsusi olaraq diqqətə çatdıraq ki, KOB inkişaf mərkəzləri KOB-ların biznes biliklərini artırmaq üçün ödənişsiz olaraq informasiya, məsləhət, təlim və biznes-planın hazırlanması xidmətlərini təklif edir. KOB-ların ölkənin regionlarında maraqlarının müdafiəsi, eləcə də lazımi dəstək və xidmətlərə çıxış 38 şəhər və rayonda fəaliyyət göstərən “KOB dostu” şəbəkəsi vasitəsilə təmin edilir.
Göründüyü kimi, sadalanan məqamlar birbaşa sahibkarlar üçün geniş imkanlar deməkdir və onların fəaliyyətinin həm asanlaşdırılması, sadələşdirilməsi, həm də bu fəaliyyət sahəsinə dəstəyin göstərilməsi üçün əvəzsizdir. Belə bir dəstək, qayğı və diqqət isə sözsüz ki, səbəbsiz və mənasız deyil. Məqsəd ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını təmin etmək, sahibkarların fəaliyyətini asanlaşdırmaq, nəticə də kiçik və orta biznesi daha da, özü də sürətlə inkişaf etdirməkdir. Bu məqsəd uğrunda görülən işlər isə öz müsbət nəticələrini artıq bir çox istiqamətlərdə verməkdədir. Sahibkarlığa dövlət dəstəyi tədbirləri sahibkarlıq subyektlərinin sayının son illər ərzində dəfələrlə artmasına gətirib çıxarıb. Bu da öz növbəsində özəl sektorda iş yerlərinin əsaslı şəkildə artması ilə nəticələnib, işsizlik səviyyəsinin azalmasına, məşğulluq səviyyəsinin armasına müsbət təsir edib. Eyni zamanda, kiçik və orta sahibkarlığa göstərilən diqqət və qayğı sayəsində bölgələrin siması da büsbütün dəyişib, daha da yaxşılaşıb. Regionlarda sənayenin, aqrar sektorun inkişafı artıq özünü göstərməkdədir. Sənaye parkları, aqroparklar, fabrik və zavodların açılışı vaxtilə işsizlik səbəbindən paytaxta üz tutan insanları yenidən regionlara qayıtması, hazırda həmin müəssisələrdə yüzlərlə insanların çalışması ilə nəticələnib.
Neft sektorundan asılılığın minimuma endirilməsi baxımından qeyri-neft sektoruna ayrılan diqqət olduqca vacib məqam hesab olunur. Qeyri-neft sektorunun, ələlxüsus kənd təsərrüfatının inkişafı üçün sahibkarlara dövlətimiz tərəfindən subsidiyaların, güzəştlərin verildiyi də günümüzün reallığıdır. İstər aqrar sahədə, əkinçilikdə, eləcə də heyvandarlıq sahəsində çalışan sahibkarlar dövlət tərəfindən kifayət qədər qayğı ilə əhatə olunub və daim dəstək almaqdadırlar. Bunun sayəsində də həmin sahədə çalışan sahibkarlıq subyektləri durmadan inkişaf etməkdədir ki, bu da öz növbəsində məhsul bolluğunun yaranması deməkdir.
Daxili bazarların ölkə daxilində istehsal olunan məhsullarla təmin edilməsi ilk növbədə idxaldan asılılığı da minimuma endirir ki, bu da məhsulların qiymətlərinin süni şəkildə artırılmasının qarşısını alır, əhalinin alıcılıq qabiliyyətinin artmasını təmin edir. Bunun üçün isə ölkə daxilində istehsal olunan məhsullarla daxili bazarları təmin edən sahibkarların fəaliyyətinin artırılması gərəkir. Əgər sahibkarlar kifayət qədər məhsul istehsal edərək daxili bazarları təmin edərlərsə, o zaman xaricdən məhsul gətirən işbazlara ehtiyac qalmaz və onlar süni qiymət artımı yarada bilməzlər. Deməli, sahibkarların fəaliyyətinə dövlətimizin dəstəyi əbəs yerə deyil, eyni zamanda ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına hesablanıb. Bu həm işgüzarlıq mühiti, həm məşğulluq məsələləri, həm də vətəndaşların rifah halının yaxşılaşdırılması baxımından əvəzsizdir. Elə o baxımdan da dövlətimiz, dövlət başçımız sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına diqqət və qayğını günü-gündən artırır, KOB evlərinin açılışı, istifadəyə verilməsi də bu mənada yüksək qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB