Xeyriyyə sərgi-satış yarmarkası keçirilib - YENİLƏNİB-FOTOLAR

3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyində “Sərhədsiz sənətkarlıq” adlı xeyriyyə sərgi-satış yarmarkası keçirilib. SİA bildirir ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Mədəniyyət Komitəsi, Azəebaycan Milli Xalça Muzeyi, “GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyi və Gözdən Əlillər Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

İlk olaraq Azərbaycan Milli Xalça Muzeyinin elmi katibi Nuranə Səlimli hər kəsi salamlayaraq açılışı edib. Sonra isə sözü Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya verib.

Xeyriyyə sərgi-satış yarmarkasında görmə, eşitmə və hərəkət imkanları məhdud insanların əl işləri olan rəsm, xalça və digər dekorativ-tətbiqi sənət nümunələri təqdim olunub. Fiziki imkanları məhdud insanların yaradıcılığının ictimaiyyət arasında təbliği, onların əl işi satışına dəstək məqsədilə keçirilən tədbirdə əldə olunan gəlir həmin şəxslərin maddi durumunun yaxşılaşdırılmasına sərf ediləcək.

Tədbirdə Muzeyin Uşaq şöbəsi tərəfindən fiziki imkanları məhdud uşaqlar üçün ustad dərslər keçiriləcək. Tədbirdə Dövlət Ermitajının Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə etdiyi Pazırıq kurqanından tapılmış keçə fraqmentinin taktil nümunəsi də qonaqlara təqdim olunacaq.

Qeyd edək ki, 2019-cu ildən ölkəmizdə ilk inklüziv muzey kimi fəaliyyət göstərən Azərbaycan Milli Xalça Muzeyi fiziki imkanları məhdud insanları daim diqqət mərkəzində saxlayır. Muzey İnklüziv proqramları çərçivəsində fiziki məhdudiyyətli insanların ictima-mədəni mühitdə bərabərliyinin təmin olunması, onların psixoloji və mənəvi dəstək üçün fəaliyyətini davam etdirir.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə