“Qalib sərkərdə” adlı kitab Bişkekdə çapdan çıxıb

Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Aygül Bağırovanın “Qalib sərkərdə” adlı kitabı Bişkekdə Azərbaycan dilində nəşr olunub.

SİA xəbər verir ki, “Uluu Toolor” nəşriyyatında çap olunan kitaba Azərbaycan Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov “Ön söz” yazıb.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsinə həsr olunmuş 400 səhifəlik, üç hissədən ibarət kitabda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fəaliyyət xətti ardıcıl olaraq izlənilir.

Kitabda Azərbaycan Prezidentinin bütün fəaliyyətinin məhz torpaqların işğaldan azad olunmasına yönəldiyi bir daha sübut edilir.

Fondun ənənəsinə uyğun olaraq kitabın Qırğızıstanda və Azərbaycanda pulsuz yayılması nəzərdə tutulur.

Fondun Prezidenti Nüsrət Məmmədov bildirib ki, bu toplu fondun nəşr etdirdiyi 127-cı kitabdır və təqdimatının Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü ərəfəsində keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə