Pakistanda “Azərbaycan – Tarix və Qələbə” mövzusunda sərgi təşkil olunub - FOTOLAR

Azərbaycanın Pakistandakı səfirliyi və Pakistan–Azərbaycan Tələbə Assosiasiyasının birgə təşkilatçılığı ilə COMSATS universitetində Azərbaycanın Vətən müharibəsinə həsr olunan “Azərbaycan – Tarix və Qələbə” adlı sərgi təşkil olunub. SİA xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan – Azərbaycan Tələbə Assosiasiyasının üzvləri, universitet rəhbərliyi və tələbələri, eləcə də ictimaiyyət və kütləvi informasiya nümayəndələri iştirak ediblər.

Sərgidə 30 il boyunca erməni vandalizminə məruz qalmış Azərbaycan torpaqlarının indiki vəziyyəti, 27 sentyabr 2020-ci ildən başlayaraq Ermənistanın Azərbaycana təcavüzü və mülki əhaliyə qarşı məqsədli raket hücumları nəticəsində Gəncə, Bərdə, Tərtər və digər yaşayış məskənlərində həmvətənlərimizin həlak olması, eləcə də infrastruktura dəyən zərərlə bağlı fotoşəkillər yer alıb.

Orada Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin, əsgər və zabitlərimizin qanı bahasına torpaqlarımızın erməni işğalından azad olunmasını, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həyatını qurban verən əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində təşkil olunmuş yürüşü, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq işlərini, eləcə də Vətən müharibəsi dövründə Pakistan tərəfindən Azərbaycana göstərilən dəstəyin nəticəsi olaraq ölkəmizdə Pakistan bayraqlarının dalğalandığını əks etdirən fotoşəkillər də nümayiş etdirilib.

Sərginin açılışından sonra çıxış edən səfir Xəzər Fərhadov erməni vəhşiliyinə məruz qalan Azərbaycan əraziləri, 44 günlük Vətən müharibəsi, həmçinin Azərbaycan və Pakistan arasındakı münasibətlər barədə geniş məlumatları iştirakçıların diqqətinə çatdırıb. X.Fərhadov Vətən müharibəsi dövründə Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bu ölkənin hökumətinə və xalqına təşəkkürünü bildirib.
Sərgidə COMSATS universitetinin nümayəndələri Sajjad Əhməd Mədni və Vajeha Ənvər çıxış edərək Azərbaycan–Pakistan arasındakı səmimi münasibətlərdən söhbət açıb, Vətən müharibəsindəki Qələbə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik ediblər.

Sərgi zamanı Vətən müharibəsinə həsr olunan videoçarx da nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə