Noyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində məşhur gürcü rəssamı, sənətşünas Nino Kipşidzenin əsərlərindən ibarət “Varlığın fraqmentləri” adlı sərginin açılışı olacaq. Xalça Muzeyindən SİA-ya bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək. Ekspozisiyada Nino Kipşidzenin oturtma tikmə texnikasında yaratdığı 45 panno nümayiş etdiriləcək.

Təqdim olunan əsərlərdə müxtəlif rəngli və fakturalı parça fraqmentlərinin yaratdığı təkrarolunmaz səth vizual olaraq ikiölçülü müstəvini “yarıb keçərək” tamaşaçıya tamamilə yeni, ecazkar, çoxölçülü bir dünyanı açır. Nino Kipşidzenin əsərləri rəngkarlıq və tekstilin incə, valehedici keçidində yer alır. Rəssam əsasən mənzərə və natürmort janrında işləyir. Onun əsrarəngiz mənzərələri lakonikliyi ilə Şərq qravüralarını, bəzən isə hətta memarlıq elementlərini xatırladır. Nino Kipşidzenin yaradıcılığında, sözün əsl mənasında, ləçək-ləçək yığılmış əlvan gül dəstəli natürmortlar olduqca çoxdur. Bununla yanaşı, rəssam fiqurativ kompozisiyalar da yaradır. Sənətkar öz yaradıcılığı ilə gürcü tekstil sənətinin qədim ənənələrini yaşadır.

Sərginin kuratoru – Gürcüstan Milli Muzeyinin baş kuratoru, Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridzedir.

Qeyd edək ki, sərgi gələn il yanvarın 22-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə